Ötən il cinayət törətmiş şəxslərin yarısı işləməyən və oxumayanlar olub Hadisə

Ötən il cinayət törətmiş şəxslərin yarısı işləməyən və oxumayanlar olub

Rəsmi statistikaya əsasən, Azərbaycanda 2024-cü ildə cinayət törətmiş şəxslərin 55.6 faizi əmək qabiliyyətli yaşda olub, işləməyən və oxumayan şəxslərdir.

Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nda bildirilib.

Qeyd olunub ki, 2023-cü ildə əmək qabiliyyətli yaşda olub, işləməyən və oxumayan şəxslər cinayət törətmiş şəxslərin 56.8 faizini, 2022-ci ildə isə 60.4 faizini təşkil edib.

Bu baxımdan, məhkumların islah edilməsi vasitələrindən olan peşə təhsilinin gücləndirilməsi və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial adaptasiyası tədbirlərinin, eyni zamanda onların məşğulluğunun genişləndirilməsi qarşıda duran vəzifələrdəndir.