

Allahın izni yoxdursa, taleyinə uzunömürlü olacağını yazmayıbsa, lap belə hər gün süd gölündə üzsə, dünyanın ən saf ərzaqlarını təam etsə də, o kəs çox yaşaya bilməz. Necə deyərlər, ya vəlvələdən, ya da ki zəlzələdən- axır ki, hansısa səbəbdən cavan öləcək. Bəli, hər şey Allahın iradəsindən asılı olduğu kimi, insan ömrünün qədəri də Ondan asılıdır. Xülasə, səksən beş yaş hər adama nəsib olmur. Bu dəfə sizə iyunun 25-də 85 yaşını qeyd edəcək akademik Ziyad Səmədzadədən danışmaq istəyirəm. Amma, gəlin öncə onun ömür yoluna işıq tutaq. Haradan gəlib bu məqama yetişdiyinə nəzər salaq...
O, 1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində Əliabbas kişinin ailəsində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin iqtisad fakültəsinə qəbul olunub və oranı fərqlənmə diplomu ilə bitirib. 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil alaraq, namizədlik dissertasiyası müdafiə edib. 31 yaşında olarkən təkrar dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. Və 37 yaşında olarkən ona professor elmi adı verilib. 1976-1978-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu direktorunun birinci müavini olub. 1978-1982-ci illərdə isə indiki Azərbaycan Dövlət İqtisad Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində işləyib. 1980-ci ildə indiki Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilib. 1983–1993-cü illərdə Azərbaycan KP Mərkəzi Komitəsi iqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan Respublikası Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan–İqtisad Komitəsinin sədri olub. Sonra o, Azərbaycan Respublikası Ali Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb. 1991-ci il oktyabrın 18-də məhz onun sədrliyi ilə keçirilən Ali Sovetin sessiyasında müstəqillik haqqında Konstitusiya aktı qəbul edilib. O vaxtdan bu günədək parlamentdə deputat kimi fəaliyyətini davam etdirir. Hazırda Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir...
Kitab həvəskarıdır, mütliə etməyi xoşlayır. Bağ evindəki kitabxanasında yalan olmasın, bəlkə də 25 minə qədər kitab var. Doğrudur, bu kitabların əksəriyyəti iqtisadiyyatla bağlı kitablardır, amma yetərincə bədii ədəbiyyat da var...
Deyir ki:- “Hər bir evdə kitabın olması çox vacibdir. Düzdür, zəmanə dəyişib, indi internet kitabxanaları yaranıb. Amma yenə də dünyanın ən nüfuzlu alimləri düşünür ki, şəxsi kitabxana mütləq olmalıdır. Kitab millət üçün, ailə üçün, ən böyük sərvətdir. Kitab, bir nəslin digər nəslə ötürə biləcəyi ən böyük xəzinədir. Belə bir deyim var: yaxşı kitab müəllifin bəşəriyyətə hədiyyəsidir. Öləndən sonra xatırlanmaq istəyirsinizsə ya nümunəvi oxucu olun, ya da oxunaqlı kitablar yazın,” deyiblər.”
Milli musiqimizin, muğamın vurğunudur. Həm də yaxşı tar ifaçısıdır. Uşaqlıqdan bu sənətə maraq göstərsə də, sonradan tale onu incəsənət sahəsindən uzaqlaşdıraraq başqa səmtə istiqamətləndirib...
“7-8 yaşımdan qardaşımın sayəsində tarı sevdim. Buzovnanın musiqi dərnəyində tar müəllimi Mustafa var idi, onun yanına gedirdim. Tar ifaçılığı mürəkkəb sənətdir. Amma bu sənəti də öyrənə bildim. Uşaq vaxtı məni Xalid deyə çağırırdılar. O zaman hər kəs deyirdi ki, Xalid çox yaxşı tar ifa edir və məni həvəsləndirirdilər. Bəzən özümü tara çox bağlı hiss edirəm. Ən xoş dəqiqələr məhz musiqi ilə keçəndir. Həyatımın hər çətin anında təsəllini musiqidə tapmışam. Musiqi adamı çox dərinliklərə aparır və musiqi duyumu olmayan insanı mən bədbəxt adlandırıram.”- söyləyir.
Xidmətləri bir sıra mükafatlara layiq görülüb. Təltif olunduğu ordenlərin arasında “Şöhrət” və “Şərəf” ordenlərini xüsusi vurğulamaq istəyirəm...
Deyir ki:- “Yaradıcılığımın və istirahətim ən xoş günləri məhz payız vaxtlarına təsadüf edir. Payızda istirahət etmək üçün vaxt çox olur və bu fəsildə Xəzərin sahildə gəzmək də gözəllikdir. Şəxsən mənim üçün ən gözəl istirahət piyada gəzmək və xəyala dalmaqdır. Piyada gəzəndə sanki dünyanı mənə verirlər. Məni tanıyan hər kəs bilir ki, hər gün bir neçə saat piyada gəzirəm. Əgər bu ənənəmdən kənara çıxdımsa, həmin an zərərini hiss edirəm. Hərəkət varsa, həyat var. Yoxdursa deməli həyat dayanıb. İdman bizim sağlamlığımız, yaxşı bir insan kimi formalaşmağımız üçün ən ideal vasitədir. Sağlam idmançılar heç vaxt pislik etməzlər. Çünki, sağlam bədəndə sağlam ruh olur. İdman da sağlamlıq üçün çox vacibdir. Bir azərbaycanlı kimi sevinirəm ki, ölkəmizdə idmana diqqət çox böyükdür.”
Gənclik illərində futbola böyük marağı olub. Hətta bu gün də top görəndə həvəslənir. İstəyir ki, topla oynayıb cavanlığını yadına salsın. Ən çox sevdiyi futbol komandası isə Barsilonadır...
“Düzdür, indi artıq mənim o vaxtım deyil ki, topla oynayım. Amma hərdən adam istəyir ki, cavanlıq illərinə qayıtsın. Hətta uşaqları bağda oynayan görəndə mən də topa biganə qala bilmirəm. O vaxt Buzovnada idman kompleksləri yox idi. Məktəbdə olan idman zalları çox kiçik olurdu. Amma açıq havada idmanla məşğul olurduq. Kimisi güləşirdi, kimisi qaçırdı, mən isə futbol oynayırdım. Demək olar ki, hər gün küçələrdə, məhəllə-məhəllə futbol oynamışıq. 1964-1965-ci illərdə mənim ləqəbim olub, Moskvada mənə Eyselbio deyirdilər. O vaxt Portuqaliyanın məşhur futbolçusunun adı idi. Mən həqiqətən futbolu yaxşı oyanırdım."
Bağda tez-tez olduğu üçün burada dostlarını başına yığmağı, maraqlı məclislər təşkil etməyi də unutmur. Bağda nar ağacları yetişdirməyindən, meyvələri şəxsən özü yığmasından zövq aldığını bildirir...
“Bu torpaqlar dənizə yaxın olduğu üçün o qədər də məhsuldar deyil. Biz bu bağda məskunlaşanda burada bir dənə də olsun ağac yox idi. Yalnız tikanlıq idi. Desəm ki, mən gözəl bağbanam, bu yalan olar. Ancaq yaşa dolduqca istəyirsən ki, bağın gözəl olsun.”- söyləyir.
Zəhmli görünsə də, ürəyi ipək kimi yumşaqdır. Heç kimin xətrinə dəymir, bacardığı qədər ehtiyacı olanlara əl tutur, yardım edir. Qapısına pənah gətirən hər bir kəsdən qayğısını əsirgəmir. Müdrik, əsl ağsaqqal təfəkkürlü insandır...
...Bəli, Allahın izni yoxdursa, taleyinə uzunömürlü olacağını yazmayıbsa, lap belə hər gün süd gölündə üzsən, dünyanın ən saf ərzaqlarını təam etsən də, bu sənin uzunömürlü olacağına dəlalət etmir. Necə deyərlər, uzun ömür özünü Allaha sevdirməyi bacaran bəndələrinə nəsib olur. Bu nəsibdən onun da payına düşüb. Xülasə, iyunun 25-i iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Milli Məclisin III, IV, V, VI və VII çağırış deputatı Ziyad Səmədzadənin 85 yaşı tamam olur. Ona can sağlığı, ağrı-acısız günlər arzulayır və xalq şairi Osman Sarıvəllinin məşhur şeirindəki bu misralarla söhbətimi başa vururam:
“Heç əlinə alma əsa,
Yetmişində batma yasa,
Hər kim yüz il yaşamasa,
Günah onun özündədir...”
Hörmətlə, Elman Eldaroğlu