“İdarəetmədə ifrat mərkəzləşmə iqtisadi inkişafa çox ciddi ziyan vurur”-Qüdrət Həsənquliyev Siyasət

“İdarəetmədə ifrat mərkəzləşmə iqtisadi inkişafa çox ciddi ziyan vurur”-Qüdrət Həsənquliyev

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa görə, qanunun dili aydın olmalıdır. Yəni hər kəs qanunu eyni cür başa düşməlidir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Torpaq Məcəlləsində və “Balıqçılıq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib: “Biz, Torpaq Məcəlləsinin 9-cu, Balıqçılıq haqqında qanunun 13-cü maddəsinə dəyişiklik edirik. Biz, əslində aydın formada yazılmış bir normanı qeyri-müəyyən edirik. Əvvəlki variantda necə idi? “Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir”. Yəni aydın formada yazılıb ki, bunun kateqoriyasını dəyişmək olmaz. İndi biz qanunda nə yazırıq? “Akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsi tələb olunmur”. Bunu kim necə istəyir, o cür də başa düşə bilər. “Tələb olunmur” nə deməkdir? Yəni burada yazılmışdı ki, dəyişmək olmaz, yəni olmaz. İni yazırıq ki, tələb olunmur. Yəni bu qeyri-müəyyən, yayğın ifadə və ikibaşlı qəbul oluna biləcək bir fikirdir. Ona görə də, hesab edirəm ki, əvvəlki variant olduğu kimi saxlanılmalıdır. Yeri gəlmişkən qeyd edim ki, bundan öncəki məsələnin müzakirəsində də həmkarlarımız qeyd elədi ki, torpaq kateqoriyalarının dəyişdirilməsi çox çətin və mürəkkəb bir prosesdir. Burada həddindən artıq bürokratiya var. Ona görə də iqtisadiyyatın sürətli inkişafı üçün bu proses çevik formada həyata keçirilməlidir. Hazırda torpaqların kateqoriyasını Nazirlər Kabineti dəyişir.
Nazirlər Kabineti, əslində, iqtisadi inkişafa dair strateji məsələlərin həlli ilə məşğul olmalıdır. Bu səlahiyyətlər İqtisadiyyat Nazirliyinə verilməlidir. İndi səhv etmirəmsə torpağın kateqoriyasının dəyişdirilməsi üçün beş-altı mərkəzi icra hakimiyyəti orqanının razılığı nəzərə alınır. Bu da bəzən illərlə vaxt aparır. İdarəetmədə ifrat mərkəzləşmə və güvənsizlik, yəni digər aşağı dövlət orqanlarına güvənsizlik iqtisadi inkişafa çox ciddi ziyan vurur. Hesab edirəm ki, bu məsələnin üzərində ciddi düşünmək lazımdır.
Millət vəkili həmçinin əlavə edib: “Hörmətli sədr, siz, bu gün Milli Məclisin iclasına böyük dövlət xadimi Heydər Əliyevlə başladınız. Mən bir neçə cümlə ilə məhz elə mərhum Prezidentimizlə bağlı fikrimi söyləmək istəyirəm. Heydər Əliyev böyük dövlət xadimi idi. O, xalqımızın qarşısında duran ən çətin problemlərin həlli üçün Azərbaycan xalqını səfərbər etməyi bacarırdı. Azərbaycana xarici təzyiqlər olanda yenə də xalqımızın milli birliyinə nail olurdu.
Bu günlərdə Yekaterinburqda iki soydaşımız amansızlıqla qətlə yetirildiyində, xalqımız təkcə onu acımasız qətl hadisəsi kimi qiymətləndirmədi. Həm də Azərbaycan dövlətinə bir təzyiq kimi qəbul etdi və Azərbaycan Respublikasının Prezidenti ətrafında bir yumruq kimi birləşdi. Bu məhz Heydər Əliyev siyasətinin davamı idi. Heydər Əliyevdən öyrəniləsi hələ çox şeylər var. Heydər Əliyev haqqında çox deyilib, çox yazılıb. Amma biz bu gün də dövlət siyasətini müəyyənləşdirərkən dövlət idarəetməsində onun təcrübəsini öyrənməli və ondan istifadə etməliyik. Allah ruhun şad eləsin!”.