“Bundan sonrakı əlaqələrimiz böyük inkişaf strategiyası tutacaq” Siyasət

“Bundan sonrakı əlaqələrimiz böyük inkişaf strategiyası tutacaq”

“Suriya Prezidenti Əhməd Əş-Şaranın Azərbaycana səfəri, düşünürəm ki, Ərəb baharından sonra pozulmuş Suriya-Azərbaycan əlaqələrinin yenidən qurulmasına dəstək ola bilər. Əlbəttə, prezidentlər bundan öncə Antalya Diplomatik Forumunda da görüşüblər. Orada da fikir mübadiləsi aparıldı və demək olar ki, 2024-cü ilin dekabrın 9-na qədər, yəni 2010-cu ildən 2024-ə qədər on dörd il müddətdə Azərbaycan-Suriya əlaqələrində çox ciddi problemlər yaşanırdı. Bu, Əsəd ailəsinin həyata keçirdiyi siyasətin nəticəsi idi. Bəşər Əsəd hökuməti Azərbaycanla münasibətləri Ermənistanla münasibətlərə dəyişdi. Yəni ölkələr arasında çox ciddi bir kriz yaşandı. Suriyanın Türkiyə və Azərbaycanla münasibətləri pozuldu”.

Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloq əlavə edib ki, Əhməd Əş-Şara keçici prezident olsa da, hakimiyyətə gəldiyi müddətdən bu yana apardığı siyasət Suriyanı toparlamağa xidmət edir: “Hələ Suriya uzun müddət bu toparlanma prosesinin içində olacaq. Təbii ki, bu səfər Azərbaycandan qaz alınması, Suriyadakı enerji böhranının aradan qaldırılmasına dəstək verilməsi, eyni zamanda, Azərbaycanın Suriyanın enerji sektoruna ciddi investisiyalar qoyması və yaxud da deyək ki, ona bir dəstək olması və s. kimi məsələlərə də kömək etmiş olur. Bu baxımdan düşünürəm ki, əş-Şara hökumətinin Azərbaycanla əlaqələrə üstünlük verməsi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Suriya məsələsində Türkiyə ilə birgə siyasi xətt tutması, bu, Suriyanın gələcəyi baxımından, eyni zamanda, Suriya-Azərbaycan münasibətlərinin inkişafı baxımından da böyük bir əhəmiyyət daşıdığını demək olar. Nəzərə alsaq ki, elə Yaxın Şərqdə stabilliyin olması həm də ümumiyyətlə Avrasiyada stabilliyin olması anlamını daşıyır. Suriya İsrail münasibətlərinin düzəlməsində də Azərbaycanın xüsusi rolu ola bilər. Düşünürəm ki, bu baxımdan ciddi bir addımlar atıla bilər”.

S.Hümbətov bildirib ki, ümumilikdə, Azərbaycanla Suriya münasibətlərinin inkişaf etdirilməsi, xüsusən də nəzərə alsaq ki, əş-Şaranın Suriyaya qayıtdıqdan sonra Azərbaycan Prezidentinə məktub ünvanlaması və bu məsələdə Azərbaycanla dostluğuna olan münasibətini ifadə etməsi, əminlik etməsi onu deməyə əsas verir ki, deməli, əlaqələrin inkişafında Suriyanın mövcud hökuməti də maraqlıdır və Azərbaycan da bu işdə maraqlıdır: “Düşünürəm ki, bundan sonrakı əlaqələrimiz böyük bir inkişaf strategiyası tutacaq və bu münasibətlər Yaxın Şərq, Cənubi Qafqaz, ümumilikdə Avrasiyanın taleyinə ciddi təsir göstərə bilər”.

Röya İsrafilova