"Azərbaycanla isti münasibətlərin bərpası Rusiya üçün ümidverici zərurətə çevrilib" Siyasət

"Azərbaycanla isti münasibətlərin bərpası Rusiya üçün ümidverici zərurətə çevrilib"

Zəngəzur dəhlizi ilə bağlı Moskvanın geri çəkilməsinin həlledici rolu Ankara, Vaşinqton və Bakıya təhvil verməsinin və susqunluğunun əsas iki səbəbi var.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

Onun sözlərinə görə, Qərbin – xüsusilə ABŞ-ın – 32 kilometrlik hissəyə nəzarət təklifi və Türkiyənin bu ideyanı dəstəkləməsi Moskvanı Zəngəzurdan tamamilə kənarlaşdırıb. Bəzi məlumatlara görə isə Zəngəzur dəhlizinə nəzarətin ABŞ-a verilməsi elə Türkiyə prezidenti cənab Ərdoğanın planıdır:

"İkinci əsas səbəb isə Azərbaycanın real regional gücə çevrilməsi və hələ Şuşa Bəyannaməsinə qədər başlanan Türkiyə ilə vahid xətt üzrə hərəkəti etməsi Rusiyanın regiondakı "protektorat statusunu" məhv edib. Özündə müttəfiqlik münasibətləri ehtiva edən Şuşa Bəyannaməsi isə münasibətlərin artıq rəsmi öhdəliklərə keçməsidir.

İranın da Zəngəzur dəhlizi ilə bağlı proseslərə susqunluğu Rusiya ilə paralel olaraq Tehranın da Ankara–Bakı hökmünü qəbul etməsi, reallıqla barışmasıdır".

O, qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycan üçün iqtisadi-humanitar nöqteyi-nəzərdən o qədər də əhəmiyyətli deyil. Çünki Azərbaycan həm İran, həm də Gürcüstan üzərindən iqtisadi, kommunikasiya, tranzit imkanlarına malikdir. Azərbaycan üçün Zəngəzur dəhlizi suverenlik və geosiyasi məqsədli layihədir. Bu layihə həm də regional güc statusunun rəsmi tanınması üçün siyasi göstəricidir:

"Moskva ilə Bakı arasında açıq qarşıdurma (hərbi, iqtisadi və ya diplomatik) ehtimalları da tam istisna deyil. Ancaq belə ehtimallar ancaq o halda nəzərdən keçirilə bilər ki, ABŞ-ın və ya NATO-nun Zəngəzura girişi baş tutsun. Kreml o halda sərt reaksiya verə bilər.

Ermənistan–Azərbaycan arasında qarşıdurmadan Rusiyanın müdaxiləsi üçün istifadəsi mümkündür.

Azərbaycanın Ukrayna ilə münasibətlərinin hərbi və texnoloji baxımdan dərinləşməsini Rusiya özü üçün cənub sərhədindən də təhdid hesab edə bilər. NATO, Qərb qüvvələrinin regionda möhkəmlənməsini Moskva həm də özünün ideoloji məğlubiyyəti hesab edəcəyi məlumdur.

Zəngəzur dəhlizi vasitəsilə Orta Dəhliz layihəsinin işə düşməsi, Rusiyanın dəhlizə nəzarətinin itməsi, Rusiyanın Şimal Dəhlizini də əhəmiyyətsiz hala gətirə bilər.

Nəticə belədir ki, Rusiyanın Cənubi Qafqazda strateji mövqe itkisi Moskva üçün ciddi məğlubiyyətdir. Və bu, rəsmi Kremldə, siyasi elitada narahatlığa səbəb olub. Azərbaycanla isti münasibətlərin bərpası Rusiya üçün ümidverici zərurətə çevrilib".

Cavid