“Bakı beynəlxalq tədbirlərin keçirilməsində böyük rol oynayır” Siyasət

“Bakı beynəlxalq tədbirlərin keçirilməsində böyük rol oynayır”

Fikrət Sadıqov: "Azərbaycanın paytaxtı artıq böyük beynəlxalq meydana çevrilib""

"Bakı beynəlxalq tədbirlərin keçirilməsində böyük rol oynayır. Azərbaycanın paytaxtı artıq böyük beynəlxalq meydana çevrilib".
Bu fikri politoloq Fikrət Sadıqov Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunun əhəmiyyətindən danışarkən deyib. O qeyd edib ki, həm hazırda fəaliyyətdə olan, həm də keçmiş dövlət başçıları dəfələrlə Azərbaycana gəlir, müzakirələrdə iştirak edir, görüşlər keçirir: "Bu həm Azərbaycanın, həm də həmin ölkələrin maraqlarına cavab verən amildir. Biz bu cür tədbirlərə ev sahibliyi etməklə öz tolerantlığımızı nümayiş etdiririk".
Politoloqun fikrincə, bundan əlavə, siyasi amil də çox mühüm rol oynayır: "Aparıcı dövlətlərin keçmiş dövlət başçıları, ölkələrin ictimai-siyasi həyatında aktiv rol oynayan insanlar Bakıya gəlir, onlar öz ölkələrinə qayıtdıqdan sonra Azərbaycanın maraqlarına uyğun addımlar atacaq. Bu Azərbaycan üçün faydalı amildir. Hesab edirəm ki, Bakı bundan sonra da beynəlxalq tədbirlərin keçirilməsində aparıcı rol oynayacaq".