

Avqustun 8-də Azərbaycan-Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında 17 bəndlik sazişin icra edilməsi üçün əsas şərt Ermənistan Konstitusiyasının dəyişdirilməsidir.
Hazırda Ermənistandakı radikal mövqedə olan qüvvələr isə əsas etibarilə ölkədə konstitusiya dəyişikliyinə əngəl olmağa can atırlar, bunun üçün çağırışlar edirlər. Demokratik Alternativ Partiyasının sədri Suren Surenyants bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan, çox güman ki, gələn ilin iyununda keçirilməsi nəzərdə tutulan konstitusiya üzrə referendum və parlament seçkilərini birləşdirməli olacaq. Onun sözlərinə görə, hakimiyyət referendum üçün lazım olan dəstəyi tapa bilmir. Referendumun seçkilərlə birləşdirilməsi baş nazir üçün “həyat kəmərinə” çevrilə bilər. Paşinyan isə Vaşinqtonda imzalanmış sənəddən parlament seçkiləri öncəsi daxili siyasi kozır kimi istifadə etmək niyyətindədir. Baş nazir özünü sülh gündəminin daşıyıcısı kimi göstərməyə çalışacaq, eyni zamanda mövcud proseslərlə razılaşmayanların hamısını nüfuzdan salacaq və onlara hücum edəcək. Paşinyan rəqiblərini sülh əleyhdarları kimi təqdim edəcək.
Ermənistan Baş naziri Nikol Paşinyan əvvəllər də bəyan edib ki, iki müddətdən birində referendum keçirmək mümkündür: 2026-cı ilin iyulun 7-də parlament seçkiləri ilə eyni vaxtda, bu, baş tutmadıqda isə 2027-ci ildə.
Hesab edilir ki, Nikol Paşinyan heç bir radikal qrupun və separatçı qüvvənin diktəsinə boyun əyməməlidir. Ermənistan öhdəliklərini nə qədər tez yerinə yetirsə, sülh müqaviləsinin imzalanma tarixi də bir o qədər yaxın olacaq. Radikal qüvvələrin sosial bazasının zəifliyi fonunda onlar prosesə müdaxilə etməkdə çətinlik çəkir. Kənar qüvvələrin isə dəstəyi hansısa nəticə vermir.
Rəşad Bayramov
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov “Yeni Müsavat”a bildirdi ki, sülh sazişinin bağlanması və ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində çox böyük yol qət edilib: “Nəhayətdə 17 maddədən ibarət sülh sazişi razılşdırılıb və 8 avqust Vaşinqton görüşündə də ABŞ Prezidenti Trampın şahidliyi ilə paraflanıb. Məlumdur ki, sülh sazişinin imzalanması üçün Azərbaycanın əvvəldən iki şərti var idi. Bunlardan biri ATƏT Minsk Qrupundan imtina, digəri isə özündə Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi idi. Bu tələblər tamamilə əsaslandırılmış tələblər olduğu üçün Ermənistan tərəfi Konstitusiya dəyişikliyinə getməyəcəyi və ya ATƏT Minsk Qrupundan imtina etməyəcəyinə dair bəyanat verə bilmirdi. Sadəcə, müxtəlif bəhanələrlə vaxtın uzadılmasına çalışırdı. Nəhayətdə 8 avqustda bu şərtlərdən biri öz həllini tapdı. Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-ə Minsk Qrupunun ləğvi ilə bağlı birgə müraciət ünvanladılar. Digər vacib şərtlə bağlı isə öhdəlik götürülmüş oldu. Belə ki, Azərbaycan, ABŞ və Ermənistan liderlərinin imzaladıqları Bəyannamənin birinci maddəsində sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu xüsusi olaraq qeyd edilib. Bu maddə məhz Ermənistan konstitusiyasına dəyişikliyin zəruriliyi ilə bağlı götürülmüş öhdəlikdir və Ermənistan həmin öhdəlikdən irəli gələn addımları atmaq məcburiyyətindədir. Digər bir tərəfdən sülhün əldə olunması Ermənistanın özü üçün də olduqca vacibdir və rəsmi İrəvan da başa düşür ki, Azərbaycana qarşı ərazi iddialarının qaldığı müddətdə hər hansı real sülhdən danışmaq mümkün deyil. Odur ki, həm də öz maraqlarını təmin edə bilmək üçün Ermənistana Konstitusiya dəyişikliyi lazımdır.
Ortada olan tək problem Ermənistanın bunu nə zaman edə biləcəyi ilə bağlıdır. Əvvəl 2027-ci il deyən Paşinyan daha sonra bu dəyişikliklərin 2026-cı ilə Ermənistanda Parlament seçkiləri ilə eyni gündə ola biləcəyinə dair də bəyanatlarla çıxış edib. Düşünürəm ki, hər şey Ermənistan hakimiyyətinin bu istiqamətdə ictimaiyyətlə nə qədər effektiv işləyəcəyindən asılı olacaq. Əgər Ermənistan hakimiyyəti Konstitusiya dəyişikliyi ilə bağlı ictimai rəyi təmin edə biləcəksə və ölkə əhalisinin dəyişikliklərin lehinə səs verəcəyinə inanacaqsa, o zaman həqiqətən də 2026-cı ilin 7 iyulunda Parlament seçkiləri ilə paralel şəkildə Konstitusiya dəyişikliyi ilə bağlı Referendumun keçirilməsinə qərar verəcək. Yox, əgər görsələr ki, Konstitusiya dəyişkiliyi seçkilərin nəticələrinə mənfi təsir göstərə bilər, o zaman seçkilərdən sonra daha altı ay gözləmək məcburiyyətində qalacağıq. Amma istənilən halda bu Konstitusiya dəyişikliyi baş verəcək. Bununla bağlı Ermənistana Beynəlxalq birlik tərəfindən, xüsusilə də ABŞ tərəfindən dəstək veriləcəyi şübhəsizdir. Daxildə olan və hələ də separatçı mövqedən çıxış edənlərin isə bu prossesə əngəl olmaq imkanları, demək olar ki, yoxdur. Əngəl olmağa çalışanlar olacaqsa, onlar da hakimiyyət tərəfindən zərərsizləşdiriləcək".
Niyaməddin Orduxanlı
Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, siyasi şərhçi Niyaməddin Orduxanlı qeyd etdi ki, Ermənistanın konstitusiyasını mütləq şəkildə dəyişdirməsi əsas şərtlərdən biri və ya birincisidir: “Azərbaycanın torpaqlarını öz ana yasalarına salan Ermənistanla hansı sülhdən danışmaq olar? Azərbaycan tərəfi tam haqlı olaraq dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişdə konstitusiyanın dəyişdirilməsini şərt kimi irəli sürüb. Paşinyan hakimiyyəti də məhz Vaşinqtonda üçtərəfli görüşdə imzalanmış sənəddə öhdəlik götürdü ki, bunun dəyişdirilməsi üçün refendum keçiriləcək. Ermənistandakı revanşist qüvvələr tək bu məsələdə deyil, bütövlükdə Vaşinqton görüşünü qəbul etmirlər və bunu Paşinyanın ”erməni xalqının əleyhinə" imzaladığı sənəd kimi xarakterizə edirlər. Radikal qüvvələr bütün gücü ilə indiki Ermənistan hakimiyyətini devirmək üçün çalışırlar. Köçəryan-Sərkisyan cütlüyü Paşinyandan qisas almaq istəyirlər. Hazırda Paşinyanı gələn il keçiriləcək parlament seçkilərində devirmək üçün bütün vasitələrdən istifadə edəcəklər. Onu da qeyd edim ki, Paşinyanın əvvəlki kimi növbəti seçkidə uğur qazanması çox az inandırıcıdır. Paşinyan Sorosun maliyyə dəstəyi ilə hakimiyyətə gəlmişdi. Amerikada prezident seçilən Trampın Soros və onun kimi təşkilatlara münasibətinin çox pis olduğunu gördük. Əlbəttə, Paşinyan bu gün Amerikaya özünün önəmli bir lider olmasını nümayiş etdirir. Trampın razılaşdırılmış sənədə qol çəkdiyini göstərir və bundan seçki öncəsi daxili siyasi kozur kimi istifadə edəcək. Paşinyan rəqiblərini Amerikaya sülh əleyhdarı və Rusiyanın yaxın adamları kimi təqdim edəcək. Onların hakimiyyətə yenidən qayıtması, demək olar ki, nə ABŞ-nin, nə də Qərbin maraqlarına cavab verir. Radikal qüvvələrin Ermənistanda zəif olmasının əsas səbəbləri onların 30 il ərzində hakimiyyətdə olması və amansız rejim qurması olub. Bu qüvvələrin kim olduqlarını ermənilər yaxşı bilir. Və əslində Ermənistanın düşünən beyni, ziyalıları başa düşməlidilər ki, Azərbaycanla 30 illik düşmənçilik heç bir xeyir gətirməyib. 2020-ci ilin müharibəsindən ciddi nəticə çıxartmalıdılar. 6000 erməni gənci məhv edildi. Gələcək genefonduna böyük zərbə dəydi. Növbəti müharibə çox böyük insan itkilərinə səbəb ola bilər. 30 il torpaqları işğal altında saxlamaqla nə qazandılar? Vaşinqton sazişi Ermənistan və onun gələcəyi üçün böyük bir şansdır. Qafqazda sülhün əldə olunması, qazanılması ən çox Ermənistana lazımdır! Kənar qüvvələrin təsirindən çıxmalıdılar. Bundan sonra maşa rolunu oynamamalıdılar. Radikal qüvvələr Qarabağ faktorundan istifadə edib, yenidən hakimiyyəti zəbt etmək istəyirlər. Paşinyan bütün gücü ilə çalışıb, Vaşinqtonda götürdüyü öhdəliklərin hər birini yerinə yetirməlidir. Onun bundan başqa yolu yoxdur".