“Myanmada islamafobiya siyasəti həyata keçirir” Siyasət

“Myanmada islamafobiya siyasəti həyata keçirir”

"Myanmada irqçi və müsəlmanlara qarşı yönəlmiş islamafobiya siyasəti həyata keçirir. Bildiyiniz kimi 2012-ci ildə müsəlmanlara qarşı keçirilən soyqırımı nəticəsində ən azı 100 min nəfər insan zərər çəkmiş, 1200 nəfər isə həlak olmuşdu. Hazırda Myanmada baş verənlər bu hadisənin davamıdır". Bunu politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Myanmada müsəlmanlar yaşadığı tarixi torpaqlardan sıxışdırılır, müqavimət göstərənə qarşı silahlı təzyiqlər edilir: "Bir sözlə, Myanma müsəlmanlara qarşı barbar siyasətini davam etdirir. Bu baxımdan düşünürəm ki, İslam Əməkdaşlıq Təşkilatı baş verənlərin müzakirəsini BMT Təhlükəsizlik Şurasına çıxarmalıdır. Myanma irqçilik, dinlərarası, sivilizasiyalararası münasibətləri pozduğuna görə qınanmalıdır".
Q.Hüseynli əlavə edib ki, məsələ ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı zirvə toplantısı keçirməlidir: "Həmin toplantıda iştirak edən müsəlman ölkələri kollektiv şəkildə BMT-yə müraciət qəbul edə bilərlər. Bundan başqa məsələ ilə əlaqədar onlar Myanmaya qarşı sərt cəza tədbirləri, sanksiyalar tətbiq etməklə bağlı qərar qəbul edə bilərlər. Lakin sülhün və təhlükəsizliyin keşiyində duran təşkilat kimi BMT məsələyə mütləq şəkildə reaksiya verməlidir".