

Ədalət, Hüquq və Demokratiya Partiyasının (ƏHD) sədri, millət vəkili Qüdrət Həsənquliyev “AzPolitika”ya müsahibəsində Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri, Azərbaycan - Rusiya münasibətlərindəki mövcud gərginliyin perspektivi, ABŞ Prezidenti Donald Trampın son bəyanatlarına münasibət bildirib.
Müsahibəni təqdim edirik:
– Qüdrət bəy, Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yubiley sammitində iştirak etmək üçün Çinə səfəri barədə fikirlərinizi bilmək istərdik.
– Bu səfər Azərbaycana və onun Prezidentinə Çin Xalq Respublikasının rəhbərliyinin xoş münasibəti, eyni zamanda ölkəmizin nüfuzunun göstəricisidir. Biz bu münasibətlərdən istifadə edib iqtisadiyyatımızın gücləndirilməsinə çalışmalıyıq. Çinin bugünkü nüfuzu onun iqtisadi və hərbi gücünə görədir. ABŞ-nin dünyada etibarsız tərəfdaş imici möhkəmləndikcə dünya dövlətləri üzünü Çinə çevirir. Prezidentin Çində keçirdiyi görüşlər də təsdiq edir ki, o, Azərbaycana Çin investisiyasını cəlb etmək istəyir. Paralel olaraq biz daxildə də iqtisadi islahatları genişləndirməliyik.
– Çin ŞƏT-in yubileyində iqtisadi, siyasi, hərbi qüdrətini nümayiş etdirir. Sizcə, necə oldu ki, Çin qısa bir zaman kəsiyində bu qədər gücləndi?
– Təhsilə böyük vəsait yatırıldı və azad bazar iqtisadiyyatına keçildi, mülkiyyətin toxunulmazlığı təmin edildi, məhsul ixracı dövlət tərəfindən stimullaşdırıldı. Hər il Çindən inkişaf etmiş Qərb ölkələrinə təqribən 1,2 milyon şəxs təhsil almağa gedir. Bunun 700 mini ali təhsil alanlardır. Hər il 600 min tələbə yalnız ABŞ-nin nüfuzlu universitetlərinə gedir. Uğurlu xarici siyasət də inkişafı təmin etdi. Çin beynəlxalq məsələlərə aktiv müdaxilə etmədən daha çox diqqəti iqtisadiyyatın inkişafına, investisiya yatırmaqla yeni bazarların ələ keçirilməsinə yönəltdi.
– Münasibətlərin gərginliyi fonunda Çində Rusiya və Azərbaycan Prezidentlərinin əl sıxmasını necə qarşıladınız?...
– Çox yaxşı. İstərdim ki, görüş də baş tutsun, amma bu dəfə alınmadı. Ümid edirəm, tezliklə Azərbaycanın haqlı tələbləri qəbul olunar və münasibətlər əvvəlki qaydasına düşər.
– Qüdrət bəy, dünənki müraciətində ABŞ Prezidenti Tramp növbəti dəfə bəyan etdi ki, Ukraynada sülh olmasa, o, hansısa qərarlar qəbul edəcək. Sizcə, o, hansı qərarları qəbul edə bilər?
– Bu onun neçənci belə bəyanatıdır? O, zaman udmaqla Rusiyanın Ukraynanı kapitulyasiyaya məcbur etməsini gözləyir. Ruslar onu elə-belə Qorbaçov adlandırmırlar. Gözləyirlər ki, qərbyönümlü Qorbaçov Varşava Müqaviləsi Təşkilatını və SSRİ-ni dağıtdığı kimi, rusiyayönümlü Tramp da NATO-nu və ABŞ-ni dağıdacaq. Tramp artıq ABŞ-nin beynəlxalq miqyasda təklənməsinə, bütün müttəfiqləri və qonşuları ilə münasibətlərinin pozulmasına müəyyən mənada nail olub. Obama ilə başlayan ABŞ-nin çökdürülməsi planı Trampla uğurla davam etdirilir. ABŞ Ukraynanı Budapeşt memorandumuna görə üzərinə götürdüyü öhdəliklərə zidd olaraq müdafiə etməməklə beynəlxalq nüfuzuna bərpası çətin olan ağır zərbə endirib və etibarsız tərəfdaş imici qazanıb. Amerika xalqı Putinə pərəstiş edən 79 yaşlı, şöhrət xəstəliyinə tutulmuş bir şəxsə etimad göstərməklə nə qədər “müdrik” bir seçim etdiyinin artıq fərqindədir. “Sülh olsun!” deyə sərhədlərin hərbi güc tətbiq etməklə dəyişdirilməsini BMT Nizamnaməsinə zidd olaraq qəbul edən və buna görə Ukraynaya təzyiq edən Tramp, dünyanı yeni müharibələrə sürüklədiyini dərk etmir.
– Qüdrət bəy, son vaxtlar Azərbaycana qarşı açıq müharibə və işğal təhdidləri eşidirik. Lakin müttəfiq dövlətlərdən buna reaksiyalar eşitmirik. Sizcə bu nə ilə bağlıdır, bu təhdidləri ciddi qəbul etmirlər, ya başqa səbəblər var?...
– Çünki sonradan deyilmiş sözün arxasında durmaq lazım gələcək. Susmaq həmişə müdriklik əlaməti sayılmaz. “Azərbaycanı heç kim hədələyə bilməz” kimi bir bəyanatın verilməsi bir çox xoşagəlməz ssenarilərin qarşısını ala bilər və önləyici addım kimi daha effektli olar. Başqa bir səbəb isə ola bilər ki, onlar baş verənləri ciddi qəbul etmirlər.