Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib Siyasət

Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib

İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Karaqoyunlunun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 13-də Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib.
Azərbaycanın haqq səsinin, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edən dərnəyin üzvlərinə ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd erməni daşnakları tərəfindən tamamilə məhv edilib. Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, buradakı müsəlman və qismən də yəhudi əhalisi kütləvi qətlə yetirilib.
Türkiyəli qonaqların diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları kütləvi məzarlıqda geniş tədqiqat işləri aparıblar. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Məzarlıqda gördüklərindən təsirlənən qonaqlar bu faktların dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Türkiyə və Azərbaycan ictimaiyyətinin birgə fəaliyyətinin vacibliyini vurğulayıblar.
Kütləvi məzarlıqdan sonra qonaqlar Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olublar. Məlumat verilib ki, kompleks Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.