“Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihə həyata keçirmək mümkün deyil” Siyasət

“Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihə həyata keçirmək mümkün deyil”

Sahibə Qafarova: "Ölkəmiz sivilizasiyalar arasında dialoqun gücləndirilməsinə töfhələr verir"

"Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri və BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirakı ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi və Azərbaycanın qazandığı nailiyyətlərin beynəlxalq miqyasda təqdim olunması baxımından böyük əhəmiyyətə malikdir". Bu fikri Avropa Şurası Parlament Assambleyasının komitə sədri, deputat Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, Azərbaycan müstəqil xarici siyasət həyata keçirən, özünün milli maraqlarını qətiyyətlə müdafiə etməyi bacaran, regionun inkişafında və bölgədə təhlükəsizliyin təmin olunmasında mühüm rolu olan beynəlxalq münasibətlərin güclü aktorudur: "Bu gün Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihə həyata keçirmək mümkün deyil. Eyni zamanda, Azərbaycan dünyada sülh və təhlükəsizliyin təmin olunması, sivilizasiyalar arasında dialoqun gücləndirilməsinə də sanballı töfhələr verir".
Azərbaycanın BMT-də islahatlar aparılmasının zəruriliyini bəyan etdiyini xatırladan Sahibə Qafarova deyib ki, bu islahatlar təşkilatın müasir dövrdə baş verən proseslərə və inkişafa adekvat fəaliyyət göstərməsini, yeni yaranmış qlobal risklərə operativ cavab verməsini, sülh və təhlükəsizliyin təmin olunmasına dahaeffektiv dəstək verməsini təmin etməlidir. Ölkəmizin BMT ilə münasibətlərin inkişafına da böyük əhəmiyyət verdiyini xatırladan millət vəkili S.Qafarova Azərbaycanın BMT-nin struktur təşkilatları ilə fəal əməkdaşlıq etdiyini, Baş Assambleyanın sessiyalarında daim iştirak etdiyini bildirib.
Millət vəkilinin sözlərinə görə, şübhə yoxdur ki, Azərbaycan Prezidentinin səfəri çərçivəsində Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti, düşmən ordusunun son zamanlar artan təxribatları, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlarda mövcud vəziyyətə dair müzakirələr aparılacaq: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ali norma və pinsipləri əsasında sülh yolu ilə həllini istəyir. 20 ildən artıqdır davam edən danışıqlarda da bu mövqeyindən bir addım belə geri çəkilməyib. Baxmayaraq ki, Azərbaycanın hərbi qüdrəti və iqtisadi, siyasi imkanları bu münaqişəni qeyri-sülh vasitələrlə də həll etməyə imkan verir, Azərbaycan yenə də sülh danışıqlarına sadiqdir. Azərbaycan Ali Baş Komandanı İlham Əliyevin də vurğuladığı kimi, danışıqlar sonsuza qədər davam edə bilməz və status-kvo dəyişməlidir. Ermənistanın sülhə məcbur edilməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən konkret əməli addımlar atılmalıdır. Azərbaycan dəfələrlə BMT Baş Assambleyası qarşısında Ermənistanın silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı təcavüzün qəbuledilməzliyi ilə bağlı məsələ qaldırıb. BMT münaqişənin həllinə dair 4 qətnamə qəbul edib və bu qətnamələr icra edilməlidir. Prezident İlham Əliyev də bu reallığı bir daha dünya ictimaiyyətinin diqqətinə çatdrıb".