Gürcüstanın dövlət naziri Azərbaycana səfər edəcək Siyasət

Gürcüstanın dövlət naziri Azərbaycana səfər edəcək

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani Azərbaycana səfər edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə dövlət nazirinin aparatından bildirilib.

T.Axvlediani Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədrinin dəvəti ilə oktyabrın 9-da Bakıda keçiriləcək “İtkin düşmüş şəxslərlə bağlı məsələlərin həllində səylərin birləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda iştirak edəcək.

Dövlət naziri konfransın açılış sessiyasında çıxış edəcək.

Tədbirin məqsədi itkin düşmüş şəxslərin tapılması ilə bağlı məsələlərin müxtəlif aspektlərdən müzakirəsi, məlumat mübadiləsinin və beynəlxalq təcrübənin paylaşılmasını əhatə edən səyləri daha da gücləndirməkdir.