Xəzər regionunda yeni əməkdaşlıq formatı Siyasət

Xəzər regionunda yeni əməkdaşlıq formatı

Türkmənistan Azərbaycan üzərindən Avropaya çıxmağa hazırlaşır

Cavid

Rusiya dövlət neft şirkəti "Rosneft"lə SOCAR arasında Bakı-Novorossiysk kəməri ilə neft nəqlinə dair müqavilənin müddətinin uzadılması ilə bağlı sənədin imzalanmasından sonra dünən Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü bir sıra məqamlardan xəbər vermiş oldu.
Xatırladaq ki, bir müddət öncə "Rosneft"in prezidenti İqor Seçinlə ARDNŞ prezidenti Rövnəq Abdullayev arasında aparılan danışıqlardan sonra elan edilmişdi ki, Bakı-Novorossiysk neft kəmərinin revers istifadəsi imkanları nəzərdən keçirilir. Həmin vaxtlar ARDNŞ Bakı-Novorossiysk kəməri ilə neft nəqlinə dair müqavilənin müddətini uzatmaq istəmirdi və işarə edirdi ki, 2015-cü ilin yanvarından etibarən bu kəmərlə neft nəqlini dayandıracaq.
Daha sonra proseslər fərqli və müəmmalı mahiyyət kəsb etməyə başladı. Ötən ilin noyabrında "Rosneft"in Direktorlar Şurasının məxfi iclası keçirildi və mətbuata sızdı ki, toplantıda "Rosneft"in hasil etdiyi neftin bir hissəsinin bu kəmərlə Bakıya, oradan BTC-yə nəqli müzakirə olunub.
Bəs sual olun bilər ki, bu məsələlərin Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşünə nə aidiyyəti var? Məsələ ondadır ki, "Rosneft"lə SOCAR arasında məlum razılaşma ilə ARDNŞ bu il BTC-yə Azərbaycan mənşəli olmayan əlavə 150 min ton Xəzər nefti cəlb etmiş olur. Rusiyanın BTC ilə nəql edəcəyi neftin həcmi isə elə də böyük deyil.
Müqayisə üçün deyək ki, Qazaxıstan BTC ilə ayda 300 min ton neft nəql edir, Türkmənistan isə bundan bir qədər az neft göndərir. Ancaq məsələ həcmdə deyil. Rusiya neftinin cəlb olunması elə nailiyyətdir ki, bu barədə çoxları ancaq xəyal edə bilərdi. İkincisi bu fakt göstərir ki, mineral ehtiyatlarına görə ciddi mübarizə meydanına çevrilmiş Xəzər indi əməkdaşlıq dənizinə çevrilir.
Hazirlər də Bakı görüşündə elə bu kimi məsələləri, yəni, enerji sahəsi başda olmaqla regional müstəvidə əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.
Onu da bildirək ki, Azərbaycan-Türkiyə-Türkmənistan formatında görüş bir ilkdir. İndiyədək Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran formatları mövcud olub və bu ölkələrin xarici işlər nazirlərinin, prezidentlərinin sammitləri keçirilib.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ ötən ilin sonlarında ATƏT Nazirlər Şurasının 20-ci iclası çərçivəsində Türkiyə, Azərbaycan və Türkmənistanın üçtərəfli formatının yaradılmasına qərar verdiklərini bildirmişdi.
Ekspertlərə görə, bu formatda əməkdaşlığın qurulması Azərbaycan və Türkmənistan qazının Avropaya çıxarılmasına hesablanıb.
Bəs, yeni Azərbaycan-Türkiyə-Türkmənistan formatının yaranması nəyə hesablanıb?
Ukraynada baş verənlər Rusiya ilə Qərb arasında ciddi qarşıdurma yaratdı və nəticədə Rusiyaya qarşı sanksiyaların tətbiqi gündəmə gəldi. Ancaq, bu da reallıqdır ki, Avropanın qaz təminatının böyük hissəsi Rusiya ilə bağlıdır. İndiki şəraitdə Avropa Rusiyadan qaz asılılığından xilas olmaq üçün alternativ axtarışına çıxıb. Bu baxımdan Türkmənistan qazının Avropaya çıxarılması çıxış yolu ola bilər və Avropa bu istiqamətdə bütün imkanlardan istifadə etməkdə israrlıdır.
Ekspertlər də hesab edir ki, region xalqlarının iqtisadi, enerji və siyasi əməkdaşlığı gündəmdədir. Eyni zamanda bu format həm ABŞ, həm də Aİ tərəfindən dəstəklənir. Çünki, bu əməkdaşlıq həm Qərbə, həm də region ölkələrinə mənfəət gətirəcək. Türkiyə regionun aparıcı dövlətidir və NATO-nun üzvüdür. Azərbaycan və Türkmənistan qazının Avropaya çıxarılmasında Türkiyə qarant dövlət hesab olunur.
Ekspertlər Azərbaycan-Türkiyə-Türkmənistan formatında əməmkdaşlığı bütün mənalarda müsbət qiymətləndirir.
İqtisadçı Aydın Hüseynovun fikrincə, Azərbaycan Türkiyə ilə strateji tərəfdaşdır, Türkmənistanla da normal münasibətlərimiz mövcuddur: "Həmçinin Türkiyə Türkmənistanla strateji tərəfdaşdır. Türkmənistanla olan münasibətlərimizi daha da sıxlaşdırmaq və irəli aparmaq mümkündür. Azərbaycanla Türkmənistan arasında həlli çətin olan məsələ yoxdur. Fikrimcə, bu formatda görüşlərin keçirilməsi zərurudir və müsbət nəticələr verə bilər".
Xəzərin problemləri üzrə ekspert Rüstəm Məmmədov bildirib ki, Azərbaycanın gələcəyi Xəzər dənizi ətrafında yaşayan dövlətlərin onun tutduğu siyasi xətti dəstəkləməsindən asılıdır. Ekspertin sözlərinə görə, bu mənada Azərbaycan üçün əsas maneə İran və Türkmənistan idi: "Hazırda bu maneənin aradan qaldırılması çox çətin görünür. Çünki uzun illər Türkmənistan qeyri-konstruktiv yol tutub, əsassız iddialarla danışıqları bir qayda ilə pozub. Bunun da nəticəsində bu günə kimi Xəzərin statusunun müəyyənləşməsi məsələsi öz həllini tapmayıb. Ancaq regionda və dünyada baş verən proseslər onu deməyə əsas verir ki, bu məsələdə Azərbaycanın mövqeyi daha düzgündür, dəqiqdir, sabaha hesablanmış siyasətdir. Son hadisələr, o cümlədən xarici işlər nazirlərinin Bakıda keçirilən görüşü həm də onu sübut edir ki, artıq Türkmənistan reallığı dərk edib. Rəsmi Aşqabad başa düşür ki, hazırda Ukraynada cərəyan edən hadisələrin bir ucu Rusiyaya gedib çıxır. Sabah eyni hadisələr Türkmənistanda da baş verə bilər. Nə vaxtsa hər hansı məsələ ilə bağlı Türkmənistan də öz mövqelərini bildirmək istəsələr və bu, Kremlin xoşuna gəlməsə, cəzalandırıla bilər. Ona görə də Türkmənistan Azərbaycanla danışıqları üstün tutsa, bundan daha çox qazanar. Bu, eyni zamanda Türkmənistan qazının Azərbaycandan tranzit yolla keçərək Avropaya çatdırılmasını sürətləndirəcək, türkmənlərin dövlət büdcəsinə əlavə gəlir gətirəcək. Bütün bunları nəzərə alsaq, bu gün Türkmənistan öz məramını və siyasətini dəyişmək marağındadır".
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı ekspert İlham Şaban isə Türkiyə-Azərbaycan-Türkmənistan formatında görüşün keçirilməsinin qaz faktoru ilə birbaşa əlaqəsinin olmadığını bildirib. O, bu görüşü daha çox türk dövlətlərinin Oğuz qolundan olan qrupunun toplantısı kimi dəyərləndirib: "Bu görüşün əhəmiyyətindən danışarkən, burada qaz məsələsini qabartmaq düzgün olmazdı. Çünki Rusiya ilə Qərbin arasında əməlli-başlı soyuq müharibəyə start verildiyi bir şəraitdə kiçik ölkələrin bu prosesdə aktiv iştirakı arzuedilən deyil. Türkiyə kimi NATO üzvü olan ölkə isə öz milli maraqlarından çıxış edərək, hələ heç bir iqtisadi təcridetmə proseslərinə qoşulmayıb. Təbii ki, Türkmənistanın qazını Avropaya satmaq arzusu olarsa, Azərbaycan və Türkiyə öz ərazilərini qardaş ölkəyə tranzit üçün açacaqlar. Ancaq bunun üçün gərək rəsmi Aşqabadla Avropa Birliyinin bir anlaşması, rəsmi müqaviləsi olsun. Hələlik ortada belə bir razılaşma və sənədləşmə yoxdur".
Ekspert Elxan Şahinolğu isə deyib ki, bütün hallarda bu formatlar olduqca uğurludur: "Rusiyanın Krımı işğal etməsi və Ukraynada separatçılığın dəstəkləməsi fonunda Azərbaycan çox ciddi şəkildə öz təhlükəsizliyi haqqında düşünməlidir. Çünki artıq Rusiyadan müəyyən təhlükələr görünməkdədir. Rəsmi Moskvanın Ukraynaya yönəlik bu siyasətinin ardından xarici vətəndaşlara Rusiya pasportlarının paylanması bizə də müəyyən təhlükələr vəd edir. Ona görə də Azərbaycan öz təhlükəsizliyi haqqında düşünməli və çıxış yolları axtarmalıdır. Çıxış yolu isə strateji müttəfiqlər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsidir. Hazırda Azərbaycan-Türkiyə-Gürcüstan formatı çox uğurla işləyir, prezidentlərin görüşü çox uğurlu alınıb. Hər üç ölkə arasında ortaq layihələr var. Bu kontekstdə hərbi əməkdaşlığın inkişaf etdirilməsi də arzu ediləndir. Azərbaycan-Türkiyə-Türkmənistan formatı isə bir qədər fərqlidir. Birinci formatda hər üç dövlət arasında müttəfiqlik münasibətləri mövcuddursa, ikinci formatda bir qədər "axsaqlıq" var. Azərbaycan Türkiyə, Türkiyə isə Türkmənistanla strateji tərəfdaşdır. Bu, öz yerində. Çox təəssüf ki, Azərbaycan və Türkmənistan arasındakı münasibətlərdə müəyyən suallar var. Əslində bu suallara da qısa müddətdə cavab tapmaq mümkündür. Bunlardan birincisi, hər iki ölkənin iddia etdiyi "Kəpəz" yatağı məsələsidir ki, bu problemi asanlıqla aradan qaldırmaq olar. Bu yatağı Türkmənistan və Azərbaycan birgə işlədə bilərlər. Bu, ölkələr arasında əməkdaşlıq üçün də möhkəm zəmin yarada bilər. O ki, qaldı Xəzərin status məsələsinə, fikrimcə, bu da iki ölkə arasında mübahisə doğuran problem olmamalıdır. Azərbaycan çox asanlıqla Rusiya və Qazaxıstanla Xəzər dənizindəki sərhədini müəyyənləşdirib. Eyni işi "Kəpəz" yatağı birgə işlədiləndən sonra Türkmənistanla da reallaşdırmaq mümkündür".
Politoloq Fikrət Sadıqov isə bildirib ki, Türkiyə yeni layihə olan TANAP-ın fəal iştirakçısıdır: "Bu layihədə Azərbaycan qazının Avropaya çıxarılması birmənalı şəkildə təmin ediləcək. "Şahdəniz-2" layihəsinin gerçəkləşməsi Azərbaycan və Türkiyəni Avropanın enerji təhlükəsizliyində mühüm vasitəyə çevirəcək. Lakin burada Türkmənistanın da təbii ehtiyatlarından istifadə məsələsi gündəmə gəlir. Əminəm ki, bu baş verəcək. Lakin unutmamalıyıq ki, Türkmənistan qazı hazırda böyük həcmdə Çinə axır. Yeni layihənin gerçəkləşməsindən sonra isə türkmən qazının da bura qoşulması gözləniləndir".