“Qahirə bəyannaməsi qəbul olunarsa, bu, qurumun gələcəyi baxımından çox mühüm olardı” Siyasət

“Qahirə bəyannaməsi qəbul olunarsa, bu, qurumun gələcəyi baxımından çox mühüm olardı”

“İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) daxil olan ölkələrə öncəliklə diqqət edək. Azərbaycan, Türkiyə və Pakistan dost-qardaş dövlətlərdir. Hesab edirəm ki, D-8-in iqtisadi baxımdan Azərbaycan üçün önəmi çox böyükdür”.

Bunu xalqcebhesi.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı deyib.

O vurğulayıb ki, ölkəmiz artıq bir ildir bu qurumda üzv kimi təmsil olunur və artıq qurumun əsas aparıcı dövlətlərindən birinə çevrilib: “Bu da təsadüfi deyil. Çünki Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir və bütün tərəflər onunla yaxından əməkdaşlığa can atır, həmçinin də D-8-ə daxil ölkələr. Düşünürəm ki, gələcəkdə təşkilatın sıraları genişlənəcək. Digər türk dövlətləri də quruma daxil olsalar çox müsbət olardı, istər Türkiyə, istərsə də, bizim baxış acımızdan”.

C.Abbaslı həmçinin dekabrın 2-də Qahirədə D-8-ə üzv dövlətlərin ticarət üzrə məsul nazirlərinin 4-cü iclasında Qahirə Bəyannaməsinin qəbul ediləcəyi ilə bağlı fikirlərini bölüşüb: “Qahirə bəyannaməsi qəbul olunarsa, bu, qurumun gələcəyi baxımından da çox mühüm olardı. İstənilən halda indidən qəbul edilə biləcək qərarlar barədə danışmaq olduqca tezdir. Nazirlərin iclasını gözləyək. Görüş baş tutandan sonra danışmaq rahat olacaq. Amma Azərbaycanın qonşu İran, qardaş Türkiyə, digər dost-qardaş ölkə olan Pakistanla belə bir qurumda təmsilçiliyi təkcə iqtisadi-ticari baxımdan deyil, siyasi tərəfdən də vacibdir”.

Röya İsrafilova