“Rusiya qərbin boşalan yerlərini doldurmaq istəyir” Siyasət

“Rusiya qərbin boşalan yerlərini doldurmaq istəyir”

Lavrov həmişəkindən fərqli olaraq Azərbaycanı bu dəfə müsbət mənada bir neçə dəfə xatırlayıb.
Bu sözləri Rusiya xarici işlər nazirinin ölkəmizlə bağlı çıxışını şərh edərkən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi rusiyalı diplomatın fikirlərində bəzi məqamlara diqqət çəkib:
"Lavrov deyib ki, Azərbaycan və İrandan olan investorlar Həştərxan vilayətində "Lotos" xüsusi iqtisadi zonada zavodların inşa edilməsində fəal iştirak edirlər. Lavrov bununla demək istəyib ki, Rusiya regionlarının Xəzəryanı ölkələrlə dialoqu geniş ticarət-iqtisadi əlaqələrə əsaslanır. Bəli, rəsmi Bakı Lavrovun da qeyd etdiyi Rusiyanın iki bölgəsində - Stavropol və Həştərxanda xüsusi layihələr icra edir, investisiyalar yatırır, tikinti işləri aparır. Rusiyanın başqa bölgələri də Azərbaycanın onlara yatırım qoymasını arzulayırlar, hətta bu məqsədlə Dağıstan və Çeçenistan rəhbərləri bir neçə dəfə Bakıya təşrif buyurmuşdular. Ancaq rəsmi Bakı əməkdaşlıq üçün Rusiyanın nisbətən sakit və stabil bölgələrini seçib və bununla da hələlik kifayətlənib".
Politoloq qeyd edib ki, rəsmi Bakının Rusiyanın bölgələriylə əməkdaşlıq etməkdə siyasi məqsədi də var:
"Bakının ümidi Kremlin bu əməkdaşlığın Rusiyanın bölgələri üçün faydalı olduğunu görməsi və bunun fonunda Ermənistanla münasibətlərinə göz gəzdirməsi, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə ədalətli yanaşmasıdır. Təəssüf ki, Rusiyanın bölgələrinə edilən yatırımlar Kremin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etməyib. Rusiya əvvəlkitək Ermənistanı silahlandırmaqla məşğuldur".
Elxan Şahinoğlu Lavrovun "Rusiyanın qeyri-kommersiya təşkilatları MDB məkanında Avrasiya inteqrasiyası ideyasının təşviqinə yardım etməlidir" fikirlərinə də münasibət bildirib: "Bu o deməkdir ki, Rusiya ABŞ və Avropanın qeyri-kommersiya təşkilatlarının Azərbaycanda boşalan yerlərini doldurmaq istəyir. Lavrov da bunu heç gizlətməyib. Beləliklə, Kreml Azərbaycan kimi ölkələrdə Rusiyanın qeyri-kommersiya strukturlarının filiallarının mövcudluğunu genişləndirmək istəyir. Yəni əgər əvvəllər Azərbaycandakı QHT-lərə Qərbin müxtəlif fondları dəstək verirdilərsə, indi bu işi Rusiya görmək istəyir. Bu, Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Ona görə də necə ki, Azərbaycanda Qərb fondlarının fəaliyyətlərinə son qoyuldu, eləcə də Lavrovun yeni ideyasının Azərbaycanda gerçəkləşməsinə icazə vermək olmaz".