“BTQ dəmiryolu xəttinin istifadəyə verilməsi müstəqillik tariximizin ən mühüm səhifələrindən biridir” Siyasət

“BTQ dəmiryolu xəttinin istifadəyə verilməsi müstəqillik tariximizin ən mühüm səhifələrindən biridir”

Musa Qasımlı: "Azərbaycan şəbəkə ölkə halına gəlir və yeni infrastruktur yaranır"

Elşən Musayev: "Düşmənimizə qarşı bir siyasi zərbədir"

Fikrət Sadıqov: "BTQ-nin strateji, iqtisadi və siyasi əhəmiyyəti olduqca yüksəkdir"

Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər.
Ekspertlər bu layihənin iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi önəmini də vurğulayıblar.
Millət vəkili Musa Qasımlı deyib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi müstəqillik tariximizin ən mühüm səhifələrindən biridir. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmiryolu Prezident İlham Əliyevin liderliyi ilə dövlətimizin həyata keçirdiyi beynəlxalq layihələrdən biri olmaqla böyük tarixi və strateji əhəmyyət daşıyır: "Bu dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyəni deyil, Asiya və Avropanı birləşdirəcək, ticarət və kommunikasiyanı genişləndirəcək, dünya ticarətinə yeni nəfəs verəcək". M.Qasımlı qeyd edib ki, layihənin işə düşməsi ilə Azərbaycan şəbəkə ölkə halına gəlir və yeni infrastruktur yaranır: "Bundan sonra dövlət büdcəmizə əlavə vəsaitlər daxil olacaq və bütün ölkə vətəndaşlarının rifah halı daha da yaxşılaşacaq. Həyata keçirilən bütün layihələr xalqımızın təkcə indiki deyil, gələcək nəsillərinin də həyatının təmin edilməsinə yönəlib. Bundan əvvəlki layihələrin əleyihinə olanlar artıq tükəniblər".
Millət vəkili Elşən Musayev diqqətə çatdırıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində həm iqtisadi, həm də siyasi məsələlər var: "Siyasi məsələlər ondan ibarətdir ki, Azərbaycan bu layihənin əsas təşəbbüskarı olub. Bu haqda hər birimiz məlumatlıyıq. İkincisi, bugün regionda bizim ən qatı düşmənimiz, torpaqlarımızı işğal edən Ermənistan bölgə layihəsindən kənarda qalıb. Təbii ki, bu da düşmənimizə qarşı bir siyasi zərbədir. Üçüncüsü odur ki, bu qlobal layihə haqqında artıq bütün siyasi cameələr, dünya mediası danışır. Hətta dünya mediasının manşetləri Bakı-Tbilisi-Qars layihəsi haqqında idi. Layihənin iqtisadi əhəmiyyətinə gəldikdə isə deyə bilərəm ki, bu birləşdirici, funksional bir layihədir. Azərbaycan artıq bir neçə dövlətlə daha rahat formada bu iqtisadi bağlılığı bir qədər də artıracaq. Burada söhbət ticari əlaqələrdən, yükdaşımalardan və digər iqtisadi proyektlərdən gedir. Hətta deyərdim ki, bu iqtisadi və siyasi məsələlərin özü də bir-birinə tam bağlıdır.
Bugün Azərbaycanın təşəbbüsü niyə bu qədər yaxşı qəbul olundu? Çünki ölkəmiz öz konkretliyi, stabilliyi ilə dünyaya nümunə olan dövlətdir. Ona görə də bu xəttin çəkilməsinə heç bir dövlət tərəddüd etmədi. Həmçinin digər dövlətlər də buna əl qoydular. Hesab edirəm ki, bu həm də Azərbaycan vətəndaşı üçün, eyni zamanda öz xalqımızın vətəndaşları üçün çox əhəmiyyətli bir layihədir".
Politoloq Fikrət Sadıqov vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu tarixi mərhələdir: "Bu layihə Asiya ilə Avropanı birləşdirən qısa bir yoldur". O qeyd edib ki, BTQ-nin həm strateji, həm iqtisadi, həm də siyasi əhəmiyyəti olduqca yüksəkdir: "Layihə tək üç ölkəni deyil, Avropada, Asiyada və Xəzəryanı ərazilərdə yerləşən bir sıra dövlətləri birləşdirən yoldur. Bu da Azərbaycanın apardığı uğurlu xarici siyasətin nəticəsidir. Bakı-Tbilisi-Ceyhan layihəsi də gündəmdə olanda bir sıra qüvvələr buna maneə olmaq istəyirdilər. İndi də Bakı-Tbilisi-Qars dəmir yolunun qarşısını alıb maneəçilik törətmək istəyən ölkələr var idi, hansı ki buna inanmırdılar. Amma buna baxmayaraq biz bunu edə bildik və birmənalı şəkildə bu bizim diplomatiyamızın uğurudur". Politoloq hesab edir ki, BTQ Azərbaycanın rolunu, əhəmiyyətini daha da yüksəklərə qaldırır: "BTQ layihəsi Azərbaycanı qüdrətli, möhkəm, etibarlı bir ölkəyə çevirir və bu bir reallıqdır".