“Münaqişələr beynəlxalq norma və qanunlar çərçivəsində həll olunmalıdır“ Siyasət

“Münaqişələr beynəlxalq norma və qanunlar çərçivəsində həll olunmalıdır“

Səfir Kestutis Yankauskas: "Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü ardıcıl dəstəkləməyə sadiqdir"

Təəssüf ki, münaqişələr "Şərq Tərəfdaşlığı" ölkələrinin əksəriyyəti üçün həll edilməmiş problem olaraq qalır. Bu, şübhəsiz ki, vacib məsələdir. Bu, həm tərəfdaş ölkələr, həm də Aİ-nin özü üçün vacibdir. Bu, bizim qonşuluğumuzdur. Hamımız qonşuluğun təmin olunmasında, sabit və çiçəklənən olmasında maraqlıyıq.
Bu sözləri "Report" agentliyinə müsahibəsində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.
Səfir bildirib ki, Bəyannamənin mətni üzərində iş hələ tam başa çatmasa da, bu cür əhəmiyyət daşıyan məsələ Bəyannaməyə daxil edilə bilər: "Aİ bütün tərəfdaşlarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini ardıcıl dəstəkləməyə sadiqdir.
Yanaşmamız belədir ki, bütün münaqişələrə beynəlxalq hüquq, prinsiplər və normalar əsasında yanaşmaq lazımdır. Biz bu münaqişələrin yalnız sülh yolu ilə həllinin tərəfdarıyıq.
Sammit iştirakçı ölkələrə bu məsələləri qaldırmağa və onları müzakirə etməyə imkan yaradacaq.
Yeri gəlmişkən, bir neçə gün əvvəl Aİ Şurası İttifaqın Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsini təsdiq edib. Buna görə indi onun yaxın gələcəkdə Bakıya səfəri üzərində işləyirik".