18:53
840
27 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın xarici işlər nazirinin müavini Ahmet Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən verilən xəbərə görə, görüş zamanı, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində siyasi dialoqun dinamik inkişafı məmnunluqla qeyd olunub, ali və yüksək səviyyəli səfərlərin və təmasların əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, ötən il ölkəmizin Prezidentinin Türkmənistana, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərləri və əldə olunmuş nəticələr məmnunluqla xatırlanıb.
Görüş zamanı, Azərbaycan və Türkmənistan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin xarakterinə uyğun olaraq, ticarət-iqtisadiyyat, enerji, nəqliyyat və logistika, o cümlədən Xəzər dənizində əməkdaşlıq, humanitar və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib və perspektivləri müzakirə edilib.
Bu çərçivədə, Azərbaycan və Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb. Ötən il Türkmənistanın Azərbaycanda, bu il isə Azərbaycanın Türkmənistanda mədəniyyət günlərinin təşkilinin əhəmiyyəti qeyd olunub, bununla yanaşı, xalçaçılıq və atçılıq kimi ortaq dəyərlərimizin təbliğatının vacibliyi diqqətə çatdırılıb.
Eyni zamanda, regional və beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparılıb, çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Xalqlarımız arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra Azərbaycan ilə Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində daha da inkişaf edəcəyinə dair həmfikirlik ifadə olunub.
Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Türkmənistan Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Samir Şərifov, Türkmənistan tərəfindən isə xarici işlər nazirinin müavini Ahmet Qurbanov başçılıq edib.

