14:00
1 309
“Yaxın Şərqdə yerləşən üçüncü ölkələrin hərbi bazalarına İran tərəfindən atılan raketlərin və ya dronların düşməsi həm bilərəkdən, həm də təsadüflə ola bilər”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev söyləyib.
T.Əliyev bildirib ki, çünki istər İraq Kürdüstanı, istərsə də Körfəzdə yerləşən ərəb ölkələrində nəzərə alsaq ki, Bəhreyn, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri ərazilərində hərbi hissələrin bir-birilə məsafəsinin yaxın olması ehtimalı səbəbindən bu təsadüfdən də ola bilər: “Amma biz bilirik ki, İran rəsmilərinin açıqlamasında açıq-aydın qeyd olunur ki, İrana qarşı hərbi əməliyyatlarda bu və ya digər formada iştirak edən istənilən ölkənin ərazisi, o cümlədən Yaxın Şərqdə yerləşən hərbi bazaları İran üçün legitim hədəfdir”.
Siyasi şərhçi qeyd edib ki, lakin bu günə qədər İtaliya İrana qarşı hərbi əməliyyatlarda birbaşa iştirak etmədiyi üçün hələlik İtaliyanın Ərbildəki hərbi bazasına endirilən zərbənin də məqsədyönlü olduğu barədə qəti fikir söyləməyimiz doğru olmaz: “Ölən və yaralananların olmaması səbəbindən yəqin ki, tərəflər bunu anlaşılmazlıq və ya sonuncu xəbərdarlıq formasında, bu dəfə hərbi əməliyyatlara İtaliyanın birbaşa qatılmaması formasında aydınlıq gətirə bilərlər. Amma oxşar hal təkrar olunarsa o zaman biz İtaliyanın da proseslərə qatılmasının şahidi ola bilərik”.
Röya İsrafilova