Şarl Mişel: ABŞ-la strateji ittifaq dəyişir, Aİ daha müstəqil qərarlar qəbul etməlidir Siyasət

Şarl Mişel: ABŞ-la strateji ittifaq dəyişir, Aİ daha müstəqil qərarlar qəbul etməlidir

Avropa İttifaqı (Aİ) rəqabət qabiliyyətini gücləndirməli, iqtisadi əsaslarını möhkəmləndirməli və təhlükəsizlik sahəsində daha çox məsuliyyət götürməlidir.

Bunu Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel Bakıda keçirilən Qlobal Bakı Forumunda panel müzakirəsində sualları cavablandırarkən deyib.

O bildirib ki, Avropa İttifaqının qurulduğu layihə sülh, demokratiya və beynəlxalq hüquq kimi prinsiplərə əsaslanıb, lakin hazırda bu dəyərlər müxtəlif tərəflərdən təzyiq altındadır.

Şarl Mişel qeyd edib ki, Ukraynada müharibə və Yaxın Şərqdə baş verən hadisələr Avropa üçün ciddi geosiyasi çağırışlar yaradıb. Onun sözlərinə görə, bu proseslər fonunda beynəlxalq hüquq, demokratik prinsiplər və insan ləyaqəti kimi dəyərlər getdikcə daha çox təhdidlə üzləşir.

O əlavə edib ki, son illərdə beynəlxalq münasibətlərdə “ikili standartların” artması beynəlxalq hüquqa və qlobal nizamın əsaslarına zərbə vurur.

Şarl Mişel həmçinin vurğulayıb ki, Aİ qarşıdakı dövrdə üç əsas istiqamətdə daha qəti addımlar atmalıdır:

“Birinci istiqamət - Avropanın rəqabət qabiliyyətinin və iqtisadi inkişafının gücləndirilməsi, innovasiyaya mane olan həddindən artıq tənzimləmələrin azaldılmasıdır.

İkinci istiqamət - təhlükəsizlik və müdafiə sahəsində Avropanın imkanlarının genişləndirilməsidir”.

Onun sözlərinə görə, Avropanın müdafiə potensialının gücləndirilməsi artıq təxirəsalınmaz məsələdir: “Üçüncü istiqamət isə qlobal iqtisadi əlaqələrin və təchizat zəncirlərinin şaxələndirilməsidir. Avropanın Rusiya enerji resurslarından və ucuz istehsal zəncirlərindən asılı olduğu dövr artıq geridə qalır”.

Şarlı Mişel əlavə edib ki, ABŞ ilə Aİ arasında mövcud olan ənənəvi strateji ittifaq da dəyişir və bu, Avropanın daha müstəqil qərarlar qəbul etməsini zəruri edir.