Bahar Muradova təəssüf edir Siyasət

Bahar Muradova təəssüf edir

"Təhlükə Avropanın özünə yaxınlaşdıqca münasibət bildirməli olurlar"

"Təəssüf ki, belə bir mövqeyin vacibliyi indi dərk olunub. Bunu vacib edən dünyanın bir çox ölkələrində ölkələrin ərazi bütövlüyünə qarşı yönəlmiş separatçı cəhdlərin artmasıdır".
Bunu Avropa Parlamentinin "Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti haqqında" qətnaməsini şərh edən Milli Məclisin sədr müavini Bahar Muradovadeyib. O bildirib ki, bu hadisələrin fonunda belə mövqeyin səsləndirilməsi gözlənilən idi: "Amma təəssüf ki, bu təhlükə Avropanın özünə yaxınlaşdıqca münasibət bildirməli olurlar. Yenə də hesab edirəm ki, konflikt ocaqlarının söndürülməsi, buna rəvac verən separatçı cəhdlərin qarşısının alınması istiqamətində belə bəyanatlar və sənədlər çox vacibdir. Ancaq bunları elan etməklə kifayətlənmək lazım deyil. Xüsusilə Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq təşkilatların müvafiq qərarların yerinə yetirilməsində problemlər var".
Qeyd edək ki, Avropa Parlamenti "Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti haqında" qətnamə qəbul edib. Sənəd Aİ-nin "Şərq Tərəfdaşlığı" ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləməyə dair öhdəliyinə sadiq olduğunu ilk dəfə təsdiqləyir. Qətnamə böyük səs çoxluğu ilə qəbul edilib: 408 lehinə, 132 əleyhinə. Bu sənəd Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyü ilə bağlı problemlərə Avropa İttifaqının münasibətinə dair prinsipial əhəmiyyətə malikdir.