“Azərbaycan Avropa İttifaqı üçün çox vacib bir tərəfdaşdır”. Siyasət

“Azərbaycan Avropa İttifaqı üçün çox vacib bir tərəfdaşdır”.

Azərbaycanda səfərdə olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil Milli Məclisdə brifinq keçirib.
Yan Zahradil bildirib ki, Azərbaycana səfərini üç missiya ilə həyata keçirir. Birinci missiya Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti kimi. Bu Alyans Avropanın üçüncü böyük siyasi ailəsidir. Bu Alyans nadir hesab edilə bilər ki, o, Azərbaycanda həm iqtidar, həm də müxalifət partiyaları ilə əməkdaşlıq edir. Azərbaycan millət vəkili Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası bizim Alyansın tam hüquqlu üzvüdür. Eyni zamanda Azərbaycanda iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası bizim alyansın AŞPA-dakı qrupunun üzvüdür. Bizim buraya gəlməyimizdə digər səbəb də ondan ibarətdir ki, Azərbaycanla yaxın illərdə tədbirlərin keçirilməsi ətrafında müzakirələr aparaq. Bu dediklərim mənim birinci funksiyamla bağlıdır.
İkinci missiyam isə onunla bağlıdır ki, mən həm də Avropa Parlamentinin üzvüyəm. Bildiyiniz kimi, Avropa Parlamenti bu yaxınlarda Azərbaycanla münasibətlərini yenidən canlandırdı. Özünün bu məqsədlə nümayəndə heyətini formalaşdırdı. Bu nümayəndə heyətinin üzvləri ayrı-ayrılıqda, fərdi qaydada da Azərbaycanla münasibətlərin genişləndirilməsi üçün cəhdlər göstərirlər. Üçüncü missiyam isə təmsil etdiyim ölkə ilə bağlıdır. Mən Mərkəzi Avropada yerləşən Çex Respublikasının Avropa Parlamentində təmsilçisiyəm. Onu da qeyd edim ki, Çexiya Respublikası özü də Azərbaycanla ikitərəfli strateji əməkdaşlıq haqqında müqavilə imzalayıb. Bütün bu dediklərimin fövqündə qeyd etmək istəyirəm ki, mən Azərbaycanı dəyərli dövlət sayan bir şəxs kimi, bu ölkənin dostu kimi səfər etmişəm. Çünki Azərbaycan bütövlükdə həm Avropa İttifaqı, Avropa Parlamenti, mənim partiyam üçün, həm də Çexiya Respublikası üçün çox vacib bir tərəfdaşdır".