
Polşa Respublikasının Milli Günü – 3 May Konstitusiyasının 235-ci ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı Polşanın Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.
Səfir Pavel Radomski ölkəsinin keçdiyi tarixi və inkişaf yolundan danışıb.
Bildirib ki, 3 may 1791-ci il tarixində qəbul edilmiş Polşa–Litva Birliyi Konstitusiyası təkcə tarixi-hüquqi sənəd deyildir, eyni zamanda, qəbul edildiyi dövrdə milli kimliyin cəsarətli ifadəsi və müasir, suveren dövlət quruculuğuna yönəlmiş uzaqgörən bir konsepsiya, Avropada ilk yazılı ali qanun, dünyada isə ikinci belə sənəd kimi, güclü xarici təzyiqlərə baxmayaraq islahat ruhunun və azadlıq iradəsinin sarsılmazlığını nümayişidir. Bu Konstitusiya Polşalıların, Litvalıların və Birliyin tərkibində olan digər xalqların ortaq tarixi nailiyyətidir.
Azərbaycanla münasibətlərə toxunan diplomat deyib ki, Polşa Azərbaycanla münasibətlərə böyük önəm verir. İllər ərzində ölkələrimiz qarşılıqlı hörmət, dialoq və ortaq maraqlar əsasında qurulmuş konstruktiv əməkdaşlığı uğurla inkişaf etdirib: "Biz siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinə sadiq qalırıq".
Avropa İttifaqının üzvü olaraq, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın daha da dinamik xarakter almasını və son dövrlərdə Bakıda həyata keçirilmiş çoxsaylı yüksək səviyyəli səfərləri məmnunluqla qarşılayırıq.
Səfir əlavə edib: Polşa Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan mühüm irəliləyişi yüksək qiymətləndirir. Səmimi qəlbdən ümid edirik ki, aparılan işlər yaxın zamanda hərtərəfli sülh sazişinin imzalanmasına gətirib çıxaracaq və bütün Cənubi Qafqazda davamlı sabitliyi təmin edəcəkdir.
Yaxın qonşuluqda müşahidə olunan gərginlikləri nəzərə alaraq, regionun sabit və firavan gələcəyinin təmin olunmasının əsas şərti kimi Azərbaycanın balanslı və sülhpərvər yanaşmasını da yüksək dəyərləndiririk.
Cənubi Qafqazda müsbət inkişafa baxmayaraq, dünyanın bir çox regionlarında təhlükəsizlik vəziyyəti getdikcə gərginləşir. Polşanın nöqteyi-nəzərindən, ən ciddi təhlükə Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzüdür.
Bir il əvvəl məhz bu zalda çıxış zamanı Polşanın Ukraynaya sarsılmaz dəstəyini ifadə etmişdim. Bu gün həmin mövqeni bir daha təsdiqləyirəm: Polşa Ukrayna ilə həmrəydir. Biz, müttəfiqlərimiz və beynəlxalq hüquqa hörmət edən bütün tərəfdaşlarımızla birlikdə Ukraynanı lazım olduğu müddətcə dəstəkləməyə davam edəcəyik".
O, Polşa ilə Azərbaycan arasında mövcud olan münasibətlərin xüsusi əhəmiyyətini bir daha vurğulayaraq, bu münasibətlər həm siyasi, həm də iqtisadi baxımdan daha da güclənəcəyinə əminliyini qeyd edib.
Azərbaycan hökuməti adından Polşa xalqını və dövlətini təbrik edən Xarici İşlər nazirinin müavini Fariz Rzayev deyib ki, Azərbaycan və Polşa arasında siyasi dialoq davamlı dinamika nümayiş etdirir. Nazir müavini bildirib ki, ölkələrimiz arasında təmaslar müntəzəm xarakter daşıyır və əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edir.
F.Rzayev əlavə edib: "Polşa-Azərbaycan parlament dostluq qrupunun nümayəndə heyəti ölkəmizə səfər edib. Hökumətlərarası komissiyanın növbəti iclası və konsulluq məsləhətləşmələri keçirilib. Bu yaxınlarda iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı olub. Bütün bunlar əməkdaşlığımızın ardıcıl və məqsədyönlü inkişafını təsdiqləyir edib. Xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində təhsil, mədəniyyət və elm sahələrindəki mübadilələr mühüm rol oynayır. Birgə səylər sayəsində Azərbaycan və Polşa arasındakı dostluq və tərəfdaşlıq münasibətləri hər iki dövlətin və xalqın rifahı naminə bundan sonra da möhkəmlənəcək və genişlənəcək".
Сavid