Məhbus yoldaşını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Hadisə

Məhbus yoldaşını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Cəzaçəkmə müəssisəsində məhbusu öldürməkdə təqsirləndirilən Nurullah Əkbərlinin cinayət işi üzrə məhkəmə başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyev sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham aktını elan edib.

Məlum olub ki, məhkum Nurullah Əkbərli saxlanıldığı müəssisədə kəsici-deşici alət hazırlayaraq digər məhkum Xəqani Şükürovu şəxsi münasibətlər zəminində qəsdən öldürüb. İddaya görə, buna səbəb zərərçəkənin həmin şəxsi şantaj etməsi olub.

Nurullah Əkbərli elan olunmuş ittihamla özünü təqsirli bilməyib.

Növbəti proses iyunun 3-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 10-da, 7 saylı Cəzaçəkmə müəssisəsində baş verib. Müəssisədə cəza çəkən məhkum Nurullah Əkbərli şəxsi münasibətlər zəminində digər məhkum Xəqani Şükürovu özünün hazırladığı kəsici-deşici alətlə qətlə yetirib. Nurullah Əkbərli barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddələri ilə yekun ittiham elan olunub.