
Cənubi Qafqazda onilliklər boyu davam edən gərginlik və münaqişə ritorikası yerini tədricən regional əməkdaşlıq və birbaşa təmaslara verir. İrəvanda keçiriləcək “İrəvan Dialoqu” forumu bu baxımdan növbəti mühüm diplomatik dayanacaq kimi diqqət mərkəzindədir. Xüsusilə Azərbaycan və Türkiyə nümayəndələrinin bu platformada iştirakı regionda formalaşan yeni siyasi reallıqların və sülhə yönəlmiş strateji iradənin bariz göstəricisidir.
Ekspertlərin fikrincə, bu format təkcə siyasi müzakirələr üçün deyil, həm də tərəflər arasında illərlə yığılıb qalmış yanlış qavrayışların aradan qaldırılması və "yumşaq diplomatiya" vasitəsilə etimad mühitinin bərpası üçün unikal imkan yaradır. Rəsmi Bakı və Ankaranın bu dialoqda yer alması regionun gələcək taleyinin kənar güclərin təzyiqi ilə deyil, məhz region ölkələrinin birbaşa təmasları ilə müəyyənləşəcəyinə dair verilən ciddi mesajdır.
"Xalq Cəbhəsi" İrəvan görüşünün pərdəarxası məqamlarını və bu diplomatik gedişin mümkün nəticələrini ekspertlərlə müzakirə edib.
Bakı və Ankaranın sülh iradəsi
Deputat Ceyhun Məmmədov “Xalq Cəbhəsi”nə açıqlamasında söyləyib ki, İrəvanda keçiriləcək “İrəvan Dialoqu” forumunda Azərbaycan və Türkiyə nümayəndələrinin iştirakı regionda yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, hazırda Ermənistan-Azərbaycan münasibətlərində yeni bir dövrün şahidi oluruq və Azərbaycan tərəfi bölgədə sülhün təmin olunması üçün ardıcıl addımlar atır:
“Bu gün biz görürük ki, Azərbaycan regionda sabitliyin və sülhün təmin olunması istiqamətində davamlı siyasət yürüdür. Bu baxımdan, Azərbaycan və Türkiyə nümayəndələrinin İrəvanda keçirilən forumda iştirakı olduqca mühüm və əhəmiyyətli hadisədir. Əsas məqsəd iki ölkə arasında münasibətlərin normallaşdırılması və inkişaf etdirilməsidir. Azərbaycan tərəfi daim çalışır ki, Ermənistanla münasibətlər tədricən yaxşılaşsın və əməkdaşlıq mühiti formalaşsın. Bu cür platformalar isə həmin məqsədə çatmaq üçün əlavə imkanlar yaradır”.
Millət vəkili vurğulayıb ki, həm Azərbaycan, həm də Türkiyə nümayəndələrinin tədbirdə iştirakı regional əməkdaşlığa mühüm töhfə verəcək: “Bu iştirak yalnız siyasi deyil, həm də diplomatik baxımdan önəmlidir və əlaqələrin inkişafına xidmət edir. Bu prosesi müəyyən mənada tarixi nailiyyət kimi də qiymətləndirmək olar. “İrəvan Dialoqu” kimi platformalar regionda etimad mühitinin formalaşmasına təsir göstərir.
Forum çərçivəsində aparılan müzakirələr diplomatik münasibətlərin inkişafına və qarşılıqlı etimadın güclənməsinə şərait yaradır. Bu, gələcəkdə daha konstruktiv əməkdaşlıq üçün zəmin yarada bilər”.
C.Məmmədov əlavə edib ki, tarixən Ermənistan üzərindən Azərbaycana qarşı müxtəlif təzyiq mexanizmlərinin tətbiq olunduğu müşahidə edilsə də, hazırda yeni reallıqlar formalaşır: “Bu gün isə biz fərqli bir mərhələyə qədəm qoyuruq. Bu mərhələ region üçün xüsusi əhəmiyyət daşıyır və keçirilən bu kimi tədbirlər prosesə müsbət təsir göstərir”. Forumun bu formatda keçirilməsi ümumi sülh gündəliyinə öz töhfəsini verəcək və regionda daha sabit münasibətlər sisteminin formalaşmasına xidmət edəcək”.
Yumşaq diplomatiyanın gücü
Politoloq Elman Telmanoğlu deyib ki, İrəvanda keçiriləcək “İrəvan Dialoqu” forumunda Azərbaycan və Türkiyə nümayəndələrinin iştirakı regionda diplomatik dinamikanın yeni mərhələyə keçidinin siqnalı kimi qiymətləndirilə bilər: “Bu cür platformalar xüsusilə rəsmi danışıqların ləng getdiyi dövrlərdə qeyri-formal ünsiyyət kanallarının açılması baxımından mühüm rol oynayır.
Forum çərçivəsində Azərbaycan, Türkiyə və Ermənistan nümayəndələrinin eyni müzakirə mühitində yer alması tərəflərin bir-birinin mövqelərini birbaşa dinləməsinə və yanlış qavrayışların minimuma enməsinə şərait yaradır. Bu isə "track 1.5” və "track 2” diplomatiyasının vacib elementi kimi çıxış edir və etimad quruculuğuna töhfə verir. Vətəndaş cəmiyyəti və ekspert səviyyəsində təmasların artması uzunmüddətli perspektivdə daha dayanıqlı sülh mühitinin formalaşmasına xidmət edə bilər. Analitiklərin iştirakı onu göstərir ki, dialoq yalnız siyasi deyil, həm də intellektual müstəvidə aparılır. Bu isə müzakirələrin daha rasional çərçivədə inkişafına imkan yaradır”.
E.Telmanoğlunun fikrincə, Türkiyənin bu formatda iştirakı regiondakı balans baxımından xüsusi əhəmiyyət daşıyır: “Ankara həm Bakının strateji müttəfiqi, həm də Ermənistanla normallaşma prosesində maraqlı tərəfdir. Bu baxımdan, forum Türkiyə-Ermənistan münasibətlərinin yumşalması ilə Azərbaycan-Ermənistan sülh gündəliyi arasında paralellərin qurulmasına imkan verə bilər”.
Bununla belə, politoloq belə platformaların rolunun şişirdilməməsinin vacibliyini vurğulayıb: “Bu cür forumlar daha çox “yumşaq diplomatiya" alətidir və konkret siyasi qərarların qəbul olunduğu platformalar deyil. Əsas nəticələr yenə də rəsmi danışıqlar masasında əldə olunur. Lakin siyasi iradə olduğu halda bu təmaslar prosesi sürətləndirə və daha konstruktiv mühit yarada bilər. Azərbaycan və Türkiyə nümayəndələrinin “İrəvan Dialoqu”nda iştirakı həm simvolik, həm də praktik baxımdan əhəmiyyət daşıyır və qarşılıqlı etimadın bərpasına, kommunikasiya kanallarının genişlənməsinə töhfə verə bilər”.
Sülhə gedən vacib addımlar
Politoloq Oqtay Qasımov diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə nümayəndələrinin İrəvanda keçiriləcək forumda iştirakı müsbət hadisə kimi qiymətləndirilməlidir: “Artıq ötən ilin 8 avqust tarixindən sonra regionda, xüsusilə Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərində intensiv dinamika müşahidə olunur.Bu gün biz münasibətlərin inkişafında yeni bir tendensiyanın formalaşdığını görürük. Bu cür səfərlər və beynəlxalq tədbirlərdə iştirak qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə ciddi töhfə verir. Ermənistanda qarşıdan gələn seçkilər də prosesin gələcək istiqamətinə təsir göstərə bilər.
Nəzərə alsaq ki, Ermənistanda seçki kampaniyası gedir və yaxın zamanda seçkilər keçiriləcək, əgər hazırkı hökumət hakimiyyətdə qalarsa, münasibətlərin normallaşması istiqamətində daha konkret addımların atılması gözləniləndir. Bu baxımdan qarşılıqlı səfərlər və müxtəlif platformalarda təmaslar mühüm əhəmiyyət daşıyır”.
O.Qasımov vurğulayıb ki, həm ictimai sektorun, həm də rəsmi nümayəndələrin belə tədbirlərdə iştirakı etimad quruculuğunun vacib elementidir: “Bu prosesdə yalnız rəsmi dairələrin deyil, eyni zamanda ekspert və ictimai nümayəndələrin iştirakı münasibətlərin daha sağlam əsaslar üzərində qurulmasına xidmət edir. Azərbaycanın əsas strateji xətti regionda sülhün təmin olunmasına yönəlib.
Azərbaycanın əsas siyasi strategiyası Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması, Ermənistanla sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşdırılmasıdır. Bu istiqamətdə atılan addımlar ardıcıl xarakter daşıyır”.
Sonda politoloq bildirib ki, bu kimi tədbirlər böyük nəticələrə aparan kiçik, lakin vacib addımlar kimi qiymətləndirilməlidir:
“Bu cür platformalarda iştirak sülhə gedən yolda atılan mühüm addımlardan biridir və ümumi prosesə müsbət təsir göstərir”.
Günel Elxan