“Dövlət siyasətinin əsas məqsədi vətəndaşların doğma yurdlarında həyatlarını bərpa etmələrini təmin etməkdir” Siyasət

“Dövlət siyasətinin əsas məqsədi vətəndaşların doğma yurdlarında həyatlarını bərpa etmələrini təmin etməkdir”

“Məcburi köçkün statusu ilə bağlı hüquqi və sosial mexanizmlərin yenidən nəzərdən keçirilməsi Azərbaycanın postmünaqişə dövrünə keçidinin mühüm elementlərindən biridir. Otuz ilə yaxın müddətdə tətbiq olunan xüsusi status işğalın yaratdığı sosial problemlərin aradan qaldırılmasına xidmət etsə də, ərazi bütövlüyünün bərpasından sonra yeni reallıqlar formalaşıb”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib.

Z.Qarayeva deyib ki, artıq dövlət siyasətinin əsas məqsədi vətəndaşların məcburi köçkün kimi deyil, öz doğma yurdlarında tamhüquqlu sakinlər kimi həyatlarını bərpa etmələrini təmin etməkdir: “Bu baxımdan statusun mərhələli şəkildə transformasiyası həm sosial siyasətin optimallaşdırılması, həm də Böyük Qayıdış prosesinin sürətləndirilməsi baxımından məntiqli addım kimi görünür. Eyni zamanda, üç illik keçid dövrünün nəzərdə tutulması dövlətin sosial həssas yanaşma sərgilədiyini və vətəndaşların yeni şəraitə uyğunlaşmasına dəstək vermək niyyətində olduğunu göstərir”.

Politoloq əlavə edib ki, digər tərəfdən Böyük Qayıdışın uğuru yalnız insanların geri dönməsi ilə deyil, həmin ərazilərdə dayanıqlı yaşayış mühitinin formalaşdırılması ilə ölçüləcək: “Bunun üçün yaşayış evləri ilə yanaşı, məktəblərin, xəstəxanaların, nəqliyyat və kommunal infrastrukturun, həmçinin məşğulluq imkanlarının yaradılması həlledici əhəmiyyət daşıyır. Xüsusilə yeni iş yerlərinin açılması, kənd təsərrüfatı və sahibkarlıq fəaliyyətinin təşviqi qayıdan əhalinin iqtisadi müstəqilliyini təmin edən əsas amillərdən olacaq. Qarabağ və Şərqi Zəngəzurun ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyası həm regionun inkişafına, həm də ölkənin sosial-iqtisadi potensialının genişlənməsinə töhfə verəcək. Buna görə də hazırda həyata keçirilən tədbirlər təkcə sosial müdafiə mexanizmlərinin dəyişdirilməsi deyil, həm də yeni inkişaf modelinin qurulması kimi qiymətləndirilməlidir”.

Röya İsrafilova