Deputat: İtkinlərlə bağlı Dövlət Komissiyasının İşçi qrupunun statusuna yenidən baxılmalıdır Siyasət

Deputat: İtkinlərlə bağlı Dövlət Komissiyasının İşçi qrupunun statusuna yenidən baxılmalıdır

"Dövlət Komissiyasının İşçi qrupunun statusuna, maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, əməkdaşların sosial təminatı və sağlamlıqlarının qorunması məsələlərinə yenidən baxılmalıdır”.

APA xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

O bildirib ki, Dövlət Komissiyasının İşçi qrupu I Qarabağ müharibəsində və 1994-cü ilin may ayından sonrakı atəşkəs dövründə, 2020-ci ilin sentyabrında başlamış və 44 günə yekunlaşmış II Qarabağ müharibəsində qarşısında duran vəzifələri layiqincə yerinə yetirib: “Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra isə qarşısında itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması, işğaldan azad olunmuş ərazilərdə axtarış-qazıntı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilərək uzun illərdir intizar çəkən ailələrinə təqdim edilməsi kimi daha mühüm vəzifə müəyyən edilib. Bu Komissiyanın fəaliyyətində yeni, lakin daha çətin, vaxt, insan və maliyyə resursları, dayanıqlı maddi-texniki baza, səbir və məsuliyyət tələb edən yeni bir mərhələdir.

Komissiyanın fəaliyyətini diqqətlə izləyən millət vəkili kimi deyə bilərəm ki, son illərdə həyata keçirilən tədbirlər, xüsusən də itkin-şəhidlərin şəxsiyyətinin eyniləşdirilərək dəfn mərasimlərinin təşkili bütün Azərbaycan vətəndaşlarında, o cümlədən itkin ailələrində böyük ümid hissi yaradıb.

Lakin qeyd etdiyim kimi, bu işlər məsuliyyət hissi və vicdanlı yanaşma ilə bərabər, ciddi maliyyə, maddi-texniki baza, müasir texnoloji vasitələrin və dəqiq səlahiyyət bölgüsünün tətbiqini tələb edir. Eyni zamanda, mina və partlamamış sursatlarla həddindən artıq çirklənmiş, mürəkkəb və sərt relyefli ərazilərdə, ağır hava şəraitində axtarış-qazıntı işləri aparan, həmçinin insan qalıqları ilə birbaşa təmasda olan komanda üzvlərinin də əməyi, xüsusən də sağlamlığının qorunması vacib əhəmiyyət kəsb edir.

Məlumdur ki, İşçi qrupları bir qayda olaraq hər hansı məsələnin operativ həlli üçün qısa müddətli fəaliyyət məqsədilə yaradılır. Ona görə də statusu da qarşıya qoyulmuş vəzifənin icrasına uyğun tənzimlənir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4 mindən artıq vətəndaşımızın itkin düşdüyünü və son illərdə onlardan yalnız 226 nəfərinin taleyinin müəyyən edildiyini nəzərə alsaq, Dövlət Komissiyasının İşçi qrupunun bundan sonra da uzun müddət ərzində fəaliyyət göstərməsi zəruridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də dəfələrlə ifadə etdiyi kimi, itkin düşmüş bütün vətəndaşlarımızın taleyinin müəyyən edilməsi aidiyyəti dövlət qurumlarının vacib və təxirəsalınmaz vəzifəsidir.

Son illərdə azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqların tədqiqi, şəxsiyyətlərin müəyyənləşdirilməsi üçün DNT analizlərinin aparılması və müasir kriminalistika metodlarının tətbiqi bu sahədə görülən işlərin mühüm hissəsini təşkil edir. Dövlət tərəfindən itkin düşmüş şəxslərin ailələrinə sosial və psixoloji dəstək tədbirləri də həyata keçirilir.

Bütün bunlar nəzərə alınmalı və Dövlət Komissiyasının İşçi qrupunun statusuna, maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, əməkdaşların sosial təminatı və sağlamlıqlarının qorunması məsələlərinə yenidən baxılmalıdır".

Qeyd olunub ki, əsir və itkin düşmüş şəxslərin vahid qeydiyyat və məlumat bazasının hüquqi əsaslarının gücləndirilməsi; ailə üzvlərinin məlumat almaq hüququnun daha səmərəli təmin edilməsi; dövlət qurumları arasında koordinasiya mexanizmlərinin təkmilləşdirilməsi; psixoloji, sosial və hüquqi dəstək tədbirlərinin qanunvericilikdə daha aydın şəkildə əks etdirilməsi; beynəlxalq təşkilatlarla əməkdaşlığın hüquqi mexanizmlərinin genişləndirilməsi də vacib məslələrdəndir.

Deputat deyib ki, itkin düşmüş şəxslərlə bağlı məsələ Milli Məclisin aidiyyəti komitələrinin və Dövlət Komissiyasının birgə iclasında müzakirə edilməlidir. Dövlət Komissiyası tərəfindən alınan mal və materiallar, xüsusən də qazıntı aparılması məqsədilə alınan xüsusi texnikalar gömrük və vergi rüsumlarından azad edilməlidir:

"Fikrimcə bu məsələlərə baxılması və həlli üçün Dövlət Komissiyasında təmsil olunan dövlət qurumları və Komissiya üzvləri tərəfindən müvafiq addımların atılması zəruridir".