Elxan Şahinoğlu: "Bu baş verməyəcəksə, cəbhə bölgəsində vəziyyət də gərgin olaraq qalacaq"
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Təəssüflər olsun ki, bu neçə illərdir ki, baş vermir. Prezident bir daha "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransında çıxışı zamanı bunu xatırlatmaqla əslində beynəlxalq aləmə bir mesaj göndərir ki, bizdən belə şeylər gözləyə bilməzsiniz". Bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi Ermənistana çox güzəşt edib: "Hesab edirəm ki, önəmli olan mərhələli həll planının işə düşməsidir. Bu baş verməyəcəksə, cəbhə bölgəsində vəziyyət də gərgin olaraq qalacaq. Prezident konfransda çıxışı zamanı bəzi statistik rəqəmləri açıqlayanda belə məlum oldu ki, Azərbaycan Ermənistandan üstün mövqedədir. Məhz bu da elə işğalın nəticəsidir ki, Ermənistan bu işğalın nəticəsinə görə sosial, iqtisadi girdabdan özünü qurtara bilmir. İşğal davamlı olacağı təqdirdə isə rəsmi İrəvanı bu cür "gələcək" gözləyəcək. Azərbaycan əlində olan bütün imkanları səfərbər edərək istər danışıqlar, istərsə də güc yolu ilə bu məsələni həll etməyə çalışır. Bu Azərbaycan Prezidentinin Ermənistana və beynəlxalq aləmə verdiyi növbəti bir mesaj idi".
Qeyd edək ki, Prezident İlham Əliyev "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı dedi ki, bu gün ölkəmizin iqtisadi və hərbi potensialı heç kəsə sirr deyil və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim əsas vəzifəmizdir. Bu məsələ ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.