12:13
455
Dr. Elvin Hacıqulu oğlu Əhmədov “Yüksək Ehtiram” beynəlxalq mükafatına layiq görülüb.
Özbəkistanda fəaliyyət göstərən “Scientific Academy” Elm-Maarif Mərkəzi tərəfindən MDB miqyasında keçirilən beynəlxalq elmi-praktik müsabiqə çərçivəsində təqdim olunan bu mükafat elmə, təhsilə, mədəniyyətə, ictimai fəaliyyətə və öz peşəsinə sədaqətlə xidmət edən insanlara göstərilən yüksək ehtiramın ifadəsidir.
Yer elmləri üzrə fəlsəfə doktoru, neft-qaz geologiyası və yataqların qiymətləndirilməsi üzrə tanınmış mütəxəssis olan Dr. Elvin Əhmədov uzun illərdir elmi, pedaqoji və istehsalat fəaliyyətini uğurla davam etdirir. Neft-qaz yataqlarının qiymətləndirilməsi, ehtiyatların idarə olunması, geoloji və texniki risklərin dəyərləndirilməsi, yataqların işlənməsi, layihələrin idarə edilməsi və müasir rəqəmsal texnologiyaların tətbiqi onun peşəkar fəaliyyətinin əsas istiqamətlərindəndir.
Lakin Elvin Əhmədovu yalnız əldə etdiyi elmi və peşəkar nailiyyətlərlə fərqləndirmək kifayət deyil. O, həm də elm və təhsilə könül verən, öz bilik və təcrübəsini gənc nəslə ötürən, insan kapitalının inkişafına xidmət edən ziyalılarımızdandır. Müxtəlif ali təhsil müəssisələrindəki pedaqoji fəaliyyəti, elmi əsərləri, dərslik və tədris materialları onun bu sahəyə verdiyi töhfələrin bariz nümunəsidir.
Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan arasında elmi, geoloji və təhsil əlaqələrinin inkişafına yönəlmiş fəaliyyəti isə onun elmi fəaliyyətinin beynəlxalq miqyasını daha da genişləndirir.
Bu gün bir həqiqəti xüsusi vurğulamaq lazımdır: Elvin Əhmədov yalnız qazandığı mükafatla deyil, qazandığı uğurların arxasında dayanan zəhməti, biliyi və illərlə formalaşdırdığı peşəkarlığı ilə seçilir.
Bu uğur həm onun özü, həm doğulduğu Siyəzən rayonu, həm də onu tanıyan hər bir siyəzənli üçün qürurverici hadisədir.
Cavid