12:15
371
“Ermənistanın hansısa bir təşkilatdan çıxması və yaxud da fəaliyyəti onun daxili işidir. Bu məsələ Azərbaycanı qətiyyən maraqlandırmır. Azərbaycanı maraqlandıran Ermənistanın hansısa bir təşkilatla və yaxud da digər bir ölkə ilə münasibətlərinin Azərbaycana təsir məsələsidir. Bu baxımdan Azərbaycan Ermənistanın təşkilatlarla ikili probleminə qətiyyən maraq göstərmir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə qeyd edib ki, bu gün regionda Azərbaycanın səyləri nəticəsində sülh təmin olunub: “Region qarşıdurmadan əməkdaşlıq, sülh regionuna çevrilib. Bu, Azərbaycanın apardığı uzaqgörən siyasət nəticəsindədir. Belə bir vəziyyət təkcə region dövlətlərinin deyil, böyük dövlətlərin də marağındadır. Bu gün ABŞ Zəngəzur Dəhlizində iştirak məsələlərini həll edir. Rusiya regionda sülhün olmasında maraqlıdır. Çünki Şimal-Cənub dəmir yolu və avtomobil yolu məhz bu regiondan, konkret olaraq Azərbaycandan keçir. Biz çox istərdik ki, digər dövlətlər regionla bağlı siyasətlərində təhlükəsizlik məsələsini nəzərə alsınlar”.
Deputat diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycanla münasibətlərində son dövrlərdə xeyli müsbət dəyişiklik var: “Azərbaycanın əbədi sülhün təmin edilməsi üçün atdığı addımlar göz qarşısındadır. Aramızda hələ sülh müqaviləsi olmasa da Azərbaycan Ermənistana gedən yüklərin öz ərazisindən keçməsinə şərait yaradır. Digər tərəfdən Azərbaycan Ermənistana yanacaq da ixrac edir və sülh müqaviləsindən sonra iqtisadi əməkdaşlığımızın digər sahələrini də nəzərdən keçirməyə həmişə hazırıq. Hesab edirəm ki, regionun sülh və əmin-amanlıq şəraitində yaşaması təkcə region ölkələri üçün deyil, dünya üçün perspektivli bir gələcək kimi görünür”.
Röya İsrafilova