“Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan Qərbə yaxınlaşa bilməz” Siyasət

“Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan Qərbə yaxınlaşa bilməz”

“Hazırda Ermənistanın Rusiya ilə olduqca gərgin münasibətləri mövcuddur. İki tərəf arasında iplər qopmaq üzrədir. İrəvan Ermənistanı Qərbə yaxınlaşdırmağa çalışır və bu prosesdə Rusiyaya alternativ iki istiqamət mövcuddur. Bunun da biri Azərbaycan, digəri isə Türkiyədir. Yəni Rusiyadan uzaqlaşan Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan Qərbə yaxınlaşa bilməz. Çünki həm alternativ qaynaqlar, həm də siyasi, iqtisadi pəncərə baxımından Azərbaycan və Türkiyə Ermənistan üçün hazırda strateji xarakter daşıyır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

E.Xalidbəyli söyləyib ki, ona görə də Ermənistan Türkiyə ilə mümkün qədər yaxınlaşmağa çalışır, Azərbaycanla da münasibətlərin normallaşdırılması istiqamətində olduqca ciddi addımlar atılır: “Bu da sülh sazişinin imzalanmasına yönəlik hazırlıq prosesidir. Çünki keçmiş hərbi cinayətkarlar Koçaryan və Sarkisyanın həbsi ilə bağlı məsələ, eyni zamanda, erməni kilsəsinə yönəlik təzyiqlər məhz Azərbaycanla yekun sülh sazişinin önünün açılmasına hesablanıb. Çünki bu şəxslər zərərsizləşdirilməsə Ermənistanda konstitusiya dəyişikliklərinin reallaşdırılması ciddi problemlər yarada bilər”.

Politoloq əlavə edib ki, ona görə də konstitusiya dəyişikliklərinin reallaşdırılması, Azərbaycana qarşı ərazi iddialarının ləğv edilməsi və yekun sülh sazişinin imzalanması üçün buna əngəl törədə biləcək Rusiyanın Ermənistandakı agentura şəbəkəsi sıradan çıxarılır: “Bu da o deməkdir ki, Ermənistan Qərbə yaxınlaşmaq üçün məhz Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaq məcburiyyətindədir. Rusiyadan itirdiklərini, hətta Avrasiya İqtisadi İttifaqından itirmək təhlükəsi qarşısında qaldıqlarının əsas alternativləri Ermənistan üçün məhz Azərbaycan və Türkiyədə ola bilər. Ona görə də Ermənistan hazırda hər iki tərəflə, yəni həm Azərbaycanla, həm Türkiyə ilə yaxınlaşmaq istiqamətində müəyyən addımlar atır”.

Röya İsrafilova