“Qarşıdurma idarəolunan eskalasiya mərhələsinə qayıdır” Gündəm

“Qarşıdurma idarəolunan eskalasiya mərhələsinə qayıdır”

“ABŞ və İran arasında son saatlarda baş verən qarşılıqlı zərbələr göstərir ki, Yaxın Şərqdəki hərbi qarşıdurma heç də bitmiş hesab edilə bilməz. Əksinə, Larak adasına endirilən ABŞ zərbəsi və Tehranın buna cavab olaraq İordaniyada yerləşən ABŞ hərbi obyektlərini hədəfə alması tərəflər arasında mövcud olan kövrək tarazlığın yenidən pozulduğunu nümayiş etdirir. Burada diqqətçəkən məqam zərbənin məhz Larak adasına endirilməsidir. ABŞ tərəfi bildirir ki, İranın İnqilab Keşikçiləri Hörmüz boğazına mina yerləşdirmək üçün raket qurğularından istifadə etməyə hazırlaşırdı. Vaşinqton da məhz bu səbəbdən “məhdud və dəqiq” hərbi əməliyyat həyata keçirdiyini açıqlayıb. Reuters-in məlumatına görə, bu, iyulun sonlarından etibarən ABŞ-nin İrana qarşı ilk məlum birbaşa zərbəsidir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

T.İsmayılovun sözlərinə görə, Tehranın reaksiyası isə təsadüfi deyil: “İran ABŞ-yə göstərmək istəyir ki, onun hərbi obyektlərinə zərbə endirilməsi cavabsız qalmayacaq. İordaniyadakı ABŞ bazalarına ballistik raketlərin atılması həm hərbi, həm də siyasi mesajdır. İran bununla öz çəkindirmə qabiliyyətini nümayiş etdirməyə çalışır. Eyni zamanda, raketlərin böyük hissəsinin İordaniya tərəfindən havada məhv edilməsi göstərir ki, Tehran hələlik ABŞ ilə tammiqyaslı və nəzarətsiz müharibəyə keçməkdə maraqlı deyil. Lakin əsas təhlükə məhz buradadır: qarşılıqlı zərbələr bir-birini doğuran zəncirə çevrilə bilər. ABŞ “mina təhlükəsi”nə cavab olaraq zərbə endirir, İran cavab verir, Vaşinqton isə növbəti cavabı nəzərdən keçirə bilər. Bu mərhələdə hər bir tərəfin hesablamasında kiçik səhv belə daha böyük eskalasiyaya gətirib çıxara bilər. Üstəlik, söhbət adi coğrafiyadan getmir. Larak adası Hörmüz boğazının yaxınlığındadır. Bu boğaz qlobal enerji və beynəlxalq ticarət üçün strateji əhəmiyyət daşıyır. Artıq qarşıdurmanın iqtisadi təsiri də görünür: Reuters-in məlumatına görə, ABŞ-nin Larakdakı zərbəsindən sonra neft qiymətləri 2 faizdən çox yüksəlib”.

Politoloq ona görə də hesab edir ki, hazırkı vəziyyəti “ABŞ-İran arasında yeni müharibə başlayır” kimi təqdim etmək hələ tezdir: “Daha doğru ifadə budur: qarşıdurmanın idarəolunan eskalasiya mərhələsinə qayıtması müşahidə olunur. İndi əsas məsələ tərəflərin növbəti addımıdır. Əgər zərbələr hərbi obyektlərlə məhdudlaşacaqsa, diplomatik manevr imkanları qalacaq. Amma enerji infrastrukturu, kommersiya gəmiləri və regiondakı digər dövlətlərin ərazisi sistemli şəkildə hədəfə çevrilərsə, artıq söhbət lokal ABŞ-İran qarşıdurmasından yox, daha geniş regional müharibə riskindən gedəcək. Yəni bu gün əsas sual kimin daha güclü olması deyil. Əsas sual budur: Vaşinqton və Tehran öz hərbi güclərini nümayiş etdirməklə yanaşı, eskalasiyanın harada dayanmalı olduğunu müəyyən edə biləcəklərmi? Çünki Yaxın Şərqdə tarix dəfələrlə göstərib ki, müharibələr bəzən planlaşdırılmış qərarlardan yox, nəzarətdən çıxan cavab zərbələrindən başlayır”.

Röya İsrafilova