Arazın Ermənistan problemi Siyasət

Arazın Ermənistan problemi

Martın 5-də Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov bu ölkənin vitse-prezidenti, Ətraf Mühit Təşkilatının rəisi İsa Kələntəri ilə görüşüb.
Görüşdə iki ölkə arasında ekologiya və ətraf mühitin mühafizəsi, flora və faunanın qorunmasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, eləcə də perspektivlər müzakirə olunub.
Bünyad Hüseynov Araz transsərhəd çayının Ermənistanın sənaye müəssisələri tərəfindən çirkləndirilməsinin narahatlıq doğurduğunu vurğulayıb, İran və Azərbaycanın ekosisteminə vurduğu zərərdən danışıb.
Səfir 2014-cü ilin aprelində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında" Sazişə toxunaraq Araz çayının suyundan istifadəyə dair iki dövlət arasında səmərəli əməkdaşlığın mövcudluğunu vurğulayıb. Tərəflər SES-də istifadə üçün Araz çayından yönləndirdikləri suyu eyni həcmdə və eyni keyfiyyətdə çaya qaytaracaqlarına dair öhdəliklər götürüblər ki, bu da ekologiyanın mühafizəsi üçün əhəmiyyətlidir. Ötən il saziş İran və Azərbaycan parlamentləri tərəfindən təsdiq (ratifikasiya) olunub.
Görüşdə Xəzər dənizinin bioresurslarının qorunması və birgə istifadəsi məsələsi də müzakirə olunub. Dənizin suyunun təmiz saxlanılmasının vacibliyi nəzərə çatdırılıb.
İsa Kələntəri hər iki ölkənin iqtisadiyyatında mühüm rol oynayan Araz çayı və Xəzər dənizinin ekoloji mühitinin qorunub saxlanılması və düzgün istifadəsinin zəruriliyini vurğulayıb. Bildirib ki, su hövzələrinin mühafizəsinə İran hökuməti xüsusi diqqət yetirir.
Vitse-prezident ekologiyanın qorunması və bərpası sahəsində İranla Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıb. Ekologiya sahəsində İranda həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Görüşdə ekoloji problemlərin aradan qaldırılması yolları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.