
“Prezident İlham Əliyevin Forumdakı mesajının əsas mahiyyətlərindən biri budur ki, mədəniyyətlərarası dialoq yalnız mədəniyyət məsələsi deyil, həm də beynəlxalq münasibətlər və təhlükəsizlik məsələsidir. Dünyada müxtəlif cəmiyyətlər arasında inamsızlıq artdıqca, dialoqun əhəmiyyəti də artır. Azərbaycanın belə bir forumu keçirməsi də özlüyündə bir mesajdır: fərqliliklər qarşıdurma üçün səbəb olmamalıdır”.
Bu fikirləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.
P.Vəliyeva söyləyib ki, eyni zamanda, dialoq qarşı tərəfin daxili işlərinə müdaxilə etmək anlamına gəlməməlidir: “Həqiqi dialoq suverenliyə, qarşılıqlı hörmətə və bərabərliyə əsaslanmalıdır. Məncə, bugünkü dünyada ən böyük paradokslardan biri budur ki, hamı dialoqdan danışır, amma bəzən dialoq adı altında başqasına öz siyasi və ideoloji modelini qəbul etdirməyə çalışır. Əsl dialoq isə qarşı tərəfi dəyişdirmək deyil, onu anlamaq cəhdidir. Əvvəllər xarici müdaxilə deyəndə daha çox siyasi və diplomatik təzyiq başa düşülürdüsə, bu gün informasiya texnologiyaları vəziyyəti dəyişib. İndi bir ölkəyə fiziki müdaxilə etmədən də onun informasiya məkanına təsir göstərmək mümkündür. Məsələn, sosial şəbəkələr vasitəsilə saxta məlumatlar yaymaq, müəyyən hadisələri kontekstdən çıxarmaq, cəmiyyətdə qorxu və narazılıq yaratmaq, tarixi faktları təhrif etmək və müxtəlif sosial qruplar arasında qarşıdurmanı dərinləşdirmək mümkündür”.
Deputatın sözlərinə görə, Qarabağ məsələsi ilə bağlı uzun illər aparılan təbliğat kampaniyalarını da bu kontekstdə qiymətləndirmək olar: “Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasının qarşısının alınması və tarixi faktların fərqli təqdim edilməsi informasiya mübarizəsinin mühüm hissəsi idi. Bu gün Azərbaycanın əsas üstünlüklərindən biri isə öz informasiya imkanlarını gücləndirməsidir. 2027-ci ildə müsəlman dünyası və Avropa İttifaqının Azərbaycanda keçiriləcək mühüm tədbirləri təsadüfi deyil. Azərbaycan etibarlı beynəlxalq tərəfdaş və dialoq platforması kimi mövqeyini gücləndirib. Mühüm tədbirlərin Bakıda keçirilməsi Bunun arxasında Azərbaycanın son illərdə yaratdığı böyük diplomatik kapital dayanır. Bu gün Azərbaycan müxtəlif coğrafiyaları və siyasi platformaları bir araya gətirə bilən ölkə kimi çıxış edir”.
“Bir tərəfdən ABŞ və Çin kimi böyük güclərlə strateji tərəfdaşıq, müsəlman dünyası ilə sıx əlaqələrimiz var, digər tərəfdən Avropa ilə enerji, nəqliyyat və siyasi əməkdaşlıq istiqamətlərində mühüm münasibətlər qurulub. Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu praktik şəkildə həyata keçirir. Beynəlxalq platformalar vasitəsilə Azərbaycan öz haqlı mövqeyini birbaşa dünya ictimaiyyətinə çatdırmaq imkanı əldə edir. Beləliklə, ən mühüm üstünlük “gündəm formalaşdıran ölkə” olmağımız, aparılan uğurlu xarici siyasət nəticəsində qlobal gündəliyi diqtə etmək imkanı əldə etməyimizdir” - deyə o diqqətə çatdırıb.
Röya İsrafilova