Prezident İlham Əliyevin Bakı Forumundan dünyaya mesajları: Suverenlik, milli birlik, sülh - TƏHLİL Siyasət

Prezident İlham Əliyevin Bakı Forumundan dünyaya mesajları: Suverenlik, milli birlik, sülh - TƏHLİL

Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın milli birlik, suverenlik və sülh quruculuğu siyasətinin beynəlxalq müstəvidə təqdimatı baxımından mühüm platformaya çevrilib. Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışı ölkənin tarixi dövlətçilik irsi ilə müasir xarici siyasət prioritetləri arasında əlaqəni bir daha ön plana çıxarıb.

Dövlət başçısı forumda mədəni müxtəlifliyin qorunması, azərbaycançılıq ideologiyası, ideoloji təhlükəsizlik, ikili standartlar və Ermənistanla sülh prosesindən danışıb.

Prezident forumun beynəlxalq əhatəsini də xüsusi vurğulayıb: “VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkədən gələn 500-dən çox xarici qonaq da daxil olmaqla, 2 000-dən artıq qeydiyyatdan keçmiş iştirakçımız var”. Bu, Bakının beynəlxalq dialoq məkanı kimi rolunu göstərir.

Azərbaycançılıq – müxtəlifliyi birləşdirən ideya

Azərbaycançılıq ideologiyasının müasir dövlətçilik konsepsiyasına çevrilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyin ilk illərində ümumi vətəndaşlıq kimliyi dövlətin bütövlüyü üçün vacib idi.

Bu ideologiyanın tarixi əsasları Qafqaz Albaniyasının çoxmədəniyyətli irsindən, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər və Əfşarlar dövrünün idarəçilik ənənələrindən, eləcə də xanlıqlar mərhələsinin dövlətçilik təcrübəsindən qaynaqlanır. Bu irs ortaq Vətən anlayışında yaşayır.

Prezidentin sözlərinə görə, “Hamımız milli ideyalarımız ətrafında birləşmişik. Bu ideyalardan biri də Azərbaycanın bütün xalqlarını özündə birləşdirən azərbaycançılıqdır”.

Dövlət başçısı ölkədəki həmrəyliyi belə xarakterizə edib: “Bütün etnik qrupların və dinlərin nümayəndələri Konstitusiyamıza uyğun olaraq, eyni hüquqlardan istifadə etməklə yanaşı, vahid ailə kimi yaşayırlar”.

2020-ci il Vətən müharibəsində müxtəlif icmaların birliyi azərbaycançılığın ictimai gücünü nümayiş etdirdi.

İdeoloji təhlükəsizlik və suverenlik

Müasir təhlükəsizlik yalnız sərhədlərin müdafiəsi deyil: informasiya manipulyasiyası və ideoloji təsir də dövlətlər üçün risk yaradır.

Prezident İlham Əliyev bu məsələdə qəti mövqe bildirib: “Dəfələrlə qeyd etdiyim kimi, Azərbaycanda heç bir daxili riskimiz yoxdur. Bütün potensial risklər sərhədlərimizdən kənardan qaynaqlanır. İdeoloji risklər də fiziki risklər qədər təhlükəlidir”.

Azərbaycanın xarici siyasətində dövlətlərin suveren bərabərliyi və daxili işlərinə müdaxilənin yolverilməzliyi əsas prinsiplərdəndir. Bakı beynəlxalq hüququn seçici tətbiqinə və bəzi dövlətlərin başqalarına siyasi üstünlük mövqeyindən yanaşmasına etiraz edir.

Prezident bunu ritorik sualla ifadə edib: “Kiməsə dərs vermək, onu öyrətmək, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu izah etmək üçün mənəvi haqqınız varmı?” Bu mesaj qarşılıqlı hörmət və müstəqil seçim tələbidir.

Müharibədən sülhə keçidin Azərbaycan təcrübəsi

Ermənistanın Azərbaycan torpaqlarını uzun illər işğal altında saxlaması, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsinin əsas müddəalarının icrasız qalması beynəlxalq mexanizmlərin effektivliyi məsələsini gündəmə gətirib. Azərbaycan 2020-ci il müharibəsi və 2023-cü il əməliyyatı nəticəsində ərazi bütövlüyü və suverenliyi üzərində nəzarətini bərpa edib.

Prezidentin çıxışında əsas vurğu qələbədən sonra sülh təşəbbüsünün irəli sürülməsinə yönəlib: “Ermənistanla sülh sazişinin təşəbbüskarı biz olduq, çünki əbədi müharibə istəmirdik və qisas almaq niyyətimiz yox idi”.

Dövlət başçısının “Müharibəyə başlamaq asandır, lakin onu bitirmək çox çətindir” fikri Azərbaycan təcrübəsindən çıxan mühüm dərsi ifadə edir. Davamlı sülh siyasi iradə və qarşılıqlı etimad tələb edir.

2025-ci ilin avqustunda Vaşinqtonda sülh sazişi mətninin paraflanması normallaşma prosesində mühüm mərhələ oldu. Prezident bunu regionda yeni reallığın formalaşması kimi qiymətləndirib: “Biz yalnız ədaləti bərpa etməklə və ərazilərimizi azad etməklə kifayətlənmədik, həm də Cənubi Qafqazda müstəqil Cənubi Qafqaz dövlətlərinin tarixində əvvəllər mövcud olmayan tamamilə yeni bir vəziyyət yaratdıq”.

35 illik inkişaf və diplomatik nüfuz

Müstəqilliyin bərpasından ötən 35 ildə Azərbaycanın enerji, nəqliyyat və diplomatiya sahəsində imkanları genişlənib. Enerji layihələri və Orta Dəhliz ölkənin təsir imkanlarını artırıb.

Prezident bu inkişafı belə ümumiləşdirib: “Dağıntılardan, işğaldan və geniş yayılmış yoxsulluqdan tərəqqiyə, inkişafa və uğura doğru irəliləmişik”.

İşğaldan azad edilən ərazilər uğurla məskunlaşdırılır. Uzun illər  dağıntılara və vandalizmə məruz qalmış Qarabağ və Şərqi Zəngəzurda bu gün  həyat yenidən qurulur. Dövlət tərəfindən həyata keçirilən sistemli və  mərhələli layihələr nəticəsində regionda

Bakı Prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın mədəni diplomatiyasının mühüm alətləridir. Qarşıdakı illərdə İslam Əməkdaşlıq Təşkilatının sammitinə və Avropa Siyasi Birliyinin toplantısına ev sahibliyi planları ölkənin müxtəlif siyasi məkanlar arasında əlaqələndirici rolunu daha da gücləndirə bilər.

Prezidentin forumdakı mesajları vahid siyasi xəttə əsaslanır: azərbaycançılıq daxili birliyi möhkəmləndirir, suverenlik müstəqil qərarverməni təmin edir, sülh diplomatiyası və mədəniyyətlərarası dialoq isə Azərbaycanın beynəlxalq nüfuzunu genişləndirir.