
“VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilməsinin özü hər şeydən öncə diqqətəlayiq bir məsələdir. Birincisi, bu, bir çağırışdır. Bu çağırış gələcəyimizin ayrı-ayrı deyil, ortaq amallar üzərində qurulduğundan və vahid fəaliyyət istiqaməti müəyyənləşdirməli olduğumuzdan xəbər verir”.
Bunu xalqcebhesi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Ş.Həsənovanın fikirlərinə görə, ikincisi, şübhəsiz ki, dialoqun saxlanılmasının özü dərinləşən qütbləşmə, geosiyasi disbalans və ədalətin pozulması baxımından olduqca mühüm alətdir: “Açılış mərasimində fundamental çıxış edən cənab Prezident İlham Əliyev ilk növbədə Azərbaycanın imicinə diqqət çəkdi. Bu baxımdan dövlət başçımız bildirdi ki, etibarlı və hörmətəlayiq ölkə kimi artıq özümüzü təsdiq etmişik. Beynəlxalq əlaqələrin qurulması isə asan olmadığı qədər, həm də qısamüddətli fəaliyyətin nəticəsi deyil. Bu nəticə uzun illər boyu qətiyyətin, əzmin və şübhəsiz ki, beynəlxalq müstəvidə özünü sübut etməyin nəticəsidir. Məhz bu müstəqil siyasətin nəticəsi bizi iki supergüclə strateji tərəfdaşlıq münasibətləri qurmağa gətirib çıxardı. Digər tərəfdən isə strateji tərəfdaşlıq haqqında bəyannamələrimizin və sazişlərimizin olması yenə də Azərbaycanın yürütdüyü incə diplomatiyadan və qətiyyətli siyasətindən xəbər verir”.
“Digər mühüm amil isə növbəti il İslam Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi etməyimizdir. Miqyası və əhatə dairəsi kifayət qədər böyük olan bu önəmli beynəlxalq təşkilata sədrlik etməyimiz Azərbaycanın özünə, öz mənsubiyyətinə verdiyi hörmətin bariz sübutudur. Yəni, yürütdüyümüz siyasətimizə, malik olduğumuz ənənələrimizə, dinimizə və dəyərlərimizə həm sahib çıxmağı, həm də hörmət etməyi və bu cür münasibət formalaşdırmağı bacarmışıq. Siyasi müstəvidə digər mühüm bir hadisə 2028-ci ildə Azərbaycanın Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi etməsidir. Avropada və dünyada baş verən proseslərin müzakirəsi baxımından bu təsisatın getdikcə artan nüfuzunun şahidiyik. Məhz belə bir sammitin Azərbaycanda keçirilməsi diqqətlərin ölkəmizə çevrilməsi deməkdir. Azərbaycanın bu qədər önəmli iki beynəlxalq tədbirə ev sahibliyi etməsi isə, şübhəsiz ki, Azərbaycan Liderinə, onun Müzəffər Ali Baş Komandanının yürütdüyü siyasətə göstərilən dəyərin bariz nümunəsidir” - deyə politoloq bildirib.
O eləcə də qeyd edib ki, Azərbaycan istənilən məsələnin dialoq çərçivəsində həllinin tərəfdarıdır: “Dövlətimiz ən ali səviyyədə multikulturalizmi dəstəkləyir. Biz insanlar arasında körpülər qurmağa üstünlük verir və bu istiqamətdə əməkdaşlığın yeganə yol olacağını düşünürük. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinin sammitinə ev sahibliyi etməyimiz də qarşılıqlı fəaliyyətin və etimadın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi. Təşkilata sədrliyimizin yekdilliklə daha iki il müddətinə uzadılması isə, şübhəsiz ki, Azərbaycanın yürütdüyü siyasətin düzgün istiqamətdə olduğundan xəbər verir. Beynəlxalq aləmdə qazandığımız bir digər uğur isə Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşü formatında tamhüquqlu üzv kimi təmsil olunmağımızdır”.
Ş.Həsənova vurğulayıb ki, Azərbaycan artıq böyük coğrafiyaları birləşdirir: “Azərbaycanın yürütdüyü siyasət regionlararası əlaqələrin inkişafına və dərinləşdirilməsinə xidmət edir. Şübhəsiz ki, bütün bunlar cənab Prezident İlham Əliyevin Azərbaycanın potensialını düzgün dəyərləndirdiyindən, imkanları fürsətlərə çevikliklə çevirə bildiyindən xəbər verir. Azərbaycan beynəlxalq münasibətlərdə nümunəvi ölkə kimi çıxış edir. Bu baxımdan müharibələrə son qoyulması ilə bağlı təcrübəmizin də hərtərəfli öyrənilməli olduğu fikri cənab Prezident İlham Əliyev tərəfindən səsləndirilən son dərəcə mühüm fikir olmaqla yanaşı, həm də beynəlxalq aləm üçün lazımdır. Məhz Azərbaycan Liderinin atdığı addımlar, verdiyi qərarlar bu gün Azərbaycanın yürütdüyü siyasətin nümunə və hərtərəfli öyrənilməli təcrübə olduğundan xəbər verir”.
Röya İsrafilova