Nazir: Tacikistan Bakı prosesinin məqsəd və prinsiplərinə sadiqdir Mədəniyyət

Nazir: Tacikistan Bakı prosesinin məqsəd və prinsiplərinə sadiqdir

Tacikistan Bakı prosesinin məqsəd və prinsiplərinə sadiqdir.

APA xəbər verir ki, bunu Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyası çərçivəsində “Tərəfdaşlıqdan birgə fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq naminə qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsi” adlı müzakirədə deyib.

Onun sözlərinə görə, birgə səylərin uğurlu olması ümumi maraqların prioritetləşdirilməsindən, dövlətlərin bərabərhüquqlu iştirakından və texnoloji nailiyyətlərin dayanıqlı inkişafa xidmət etməsindən asılıdır.

Nazir bildirib ki, texnoloji proses mədəniyyətin dayanıqlılığa zərbə və məhdud rəqəmsal ehtiyatlara malik dillərin sıxışdırılması ilə müşayiət olunmamalıdır.

“Əksinə, o, milli-mədəni dəyərlərin, tarixi yaddaşın və dilin qorunub saxlanılması və inkişafı üçün imkanları genişləndirməlidir. Məhz buna görə də Tacikistanda mədəni suverenliyin qorunması və süni intellekt sistemlərində milli dillərin və mədəniyyətlərin tamhüquqlu iştirakının təmin edilməsi texnologiya sektorunda dövlətlərarası və beynəlxalq əməkdaşlıq çərçivəsində mühüm və etibarlı tərəfdaşlıq kimi nəzərdən keçirilir”.

Matlubaxon Sattoriyen deyib ki, süni intellekt mədəni irsin qorunub saxlanılması və qarşılıqlı anlaşmanın genişləndirilməsinin əsas alətlərin biri olmalı, xalqlar arasında mədəni bərabərsizlik və ya yadlaşma üçün əlavə amilə çevrilməməlidir.