“Tillersonun Bakıya mümkün səfəri...” Siyasət

“Tillersonun Bakıya mümkün səfəri...”

Piter Teys: "ABŞ-ın strateji maraqlarını təsdiqləmiş olar"


Amerikanın "Eurasia Review" analitik portalında beynəlxalq münasibətlər üzrə ekspert Piter Teysin "Cənub Qaz Dəhlizi: möhtəşəm layihə formalaşma prosesindədir" sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi və ABŞ-ın strateji maraqları üçün əhəmiyyətindən bəhs edilir. Müəllif yazır ki, hər il qış gələndə Avropa liderlərinin bu qitəyə qaz nəqlinin azaldılacağı barədə narahatlıqları artır. Buna görə də Avropa liderləri qitə üçün qaz mənbələrinin şaxələndirilməsinə yönəlmiş səylərini artırmaq öhdəliyini götürüblər.
Avropa ölkələri qazı əsasən Norveçdən, Şimali Afrikadan və Rusiyadan alırlar. On il bundan əvvəl Avropa komissiyası yeni bir təşəbbüslə - "Enerji təhlükəsizliyi və həmrəylik üzrə fəaliyyət planı" ilə çıxış edib. Bu sənəddə Avropa ölkələrinə qaz idxalının şaxələndirilməsi ilə əlaqədar köməyə prioritet verilib, Cənub Qaz Dəhlizi Avropa İttifaqının yeni siyasətində mühüm elementlərdən biri kimi müəyyən olunub. Ekspert yazır ki, uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu və "Trans-Adriatik" qaz kəmərlərini birləşdirən meqalayihədir. Dünyada ən iri enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi vasitəsilə 2020-ci ildən etibarən hər il Azərbaycanın qaz yataqlarından hasil edilən 10 milyard kubmetr təbii qaz Avropaya nəql ediləcək. İki fazadan ibarət layihənin başlanğıc mərhələsində bu dəhliz vasitəsilə nəql ediləcək təbii qazın yeganə təchizatçısı Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağıdır.
Məqalədə qeyd edilir ki, ümumilikdə 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyəyə, qalan 10 milyard kubmetri isə Şərqi Avropa ölkələrindəki istehlakçılara göndəriləcək. BP şirkətinin hesablamalarına görə, bu yataqda təqribən 1,2 trilyon kubmetr təbii qaz və təqribən 2,2 milyard barrel kondensat ehtiyatı var. Lakin Avropa İttifaqı Mərkəzi Asiya, Yaxın Şərq və Şərqi Aralıq dənizi bölgələrindəki potensial ixracatçılardan əlavə qaz satışı variantlarını da nəzərdən keçirir. Gözlənildiyi kimi, Avropada artıq 9 alıcı Cənub Qaz Dəhlizi vasitəsilə daxil olan Azərbaycan qazını idxal etmək öhdəliyi götürüb.
Keçən ay Avropa İnvestisiya Bankı "Trans-Adriatik" qaz boru kəmərinin tikintisi üçün 1,5 milyard avro məbləğində kredit ayrılması planını bəyənib və beləliklə, bu möhtəşəm layihənin sonuncu hissəsi reallığa çevrilib. Həm Obama administrasiyası, həm də Tramp administrasiyası uzun müddət bu layihəni dəstəkləyib. Prezident Obama 2016-cı ilin iyun ayında Bakıda keçirilmiş illik neft və qaz sərgisinin iştirakçılarına ünvanlanmış məktubunda Cənub Qaz Dəhlizinin Avropada enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb. Dövlət katibi Con Kerri isə, öz növbəsində, 2016-cı ilin mart ayında Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə ABŞ hökumətinin Cənub Qaz Dəhlizini dəstəklədiyini təsdiq edib. Daha sonra, 2017-ci ilin may ayında prezident Tramp Bakıda keçirilən beynəlxalq neft-qaz sərgisinin iştirakçılarına göndərdiyi məktubda bildirib ki, ABŞ "Cənub Qaz Dəhlizi" layihəsinə sadiq qalır və bu layihənin başa çatdırılması üçün Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının səylərini alqışlayır. ABŞ-ın hazırda fəaliyyətdə olan xüsusi elçisi və dövlət departamentində beynəlxalq energetika məsələləri üzrə əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısından sonra keçirilən mətbuat konfransında Ağ Evin mövqeyini bir daha təsdiqləyib.
Tesz ABŞ administrasiyasını fəallıq göstərməyə çağıraraq qeyd edir ki, Tramp administrasiyası bu layihənin həyata keçirilməsində Vaşinqtonun bütün avropalı tərəfdaşlara dəstəyini nümayiş etdirmək üçün əlavə tədbirlər görməlidir. Müəllif yazır ki, ilk növbədə beynəlxalq energetika məsələləri üzrə xüsusi elçi və əlaqələndiricisi vəzifələri mümkün qədər tezliklə tutulmalıdır. Bu, bütün əlaqədar tərəflərə nümayiş etdirərdi ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə dair bu layihə ABŞ üçün strateji əhəmiyyət kəsb edir. İkincisi, dövlət katibi Tillersonun bu il Bakıya səfər etməsi Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin reallaşmasını təmin etmiş Bill Klinton administrasiyası dövründən bəri ABŞ-ın strateji maraqlarını təsdiqləmiş olardı.