DTİHB seçki polisi deyil Siyasət

DTİHB seçki polisi deyil

Koryen Yonker: "Bizim üçün əsas məsələ məqsədimiz seçki prosesinin şəffaf olmasıdır"

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini müşahidə missiyası rəsmi olaraq fəaliyyətə başlayıb.
Bu münasibətlə ATƏT/DTİHB-nun Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım Koryen Yonker bu gün Bakıda mətbuat konfransı keçirib.
Koryen Yonker uzunmüddətli missiyanın gələn həftə Azərbaycana gələcəyini bildirib. O, uzunmüddətli missiyanın 20 nəfərdən ibarət olacağını qeyd edib.
Koryen Yonker ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanla hər zaman uğurlu əməkdaşlıq etdiyini bildirib: "Ümid edirik ki, bu əməkdaşlıq növbəti bir neçə həftədə də davam edəcək".
Onun sözlərinə görə, müşahidə missiyası seçkiləri qiymətləndirəcək, öhdəliklərə nə qədər riayət olunmasını dəyərləndirəcək.
Koryen Yonker qeyd edib ki, gələn həftə uzunmüddətli missiya Azərbaycana gələcək: "Ekspertlər ATƏT üzvü olan 19 fərqli ölkəni təmsil edir.
Qısamüddətli missiya isə seçki günündən bir qədər əvvəl gələcək, səsvermə prosesini izləyəcək.
Missiya aprelin axırına kimi davam edəcək, seçki sonrası mühiti də diqqətdə saxlayacaq".
Koryen Yonker bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) fevralın sonunda Azərbaycana səfər edən ehtiyacların qiymətləndirilməsi missiyasının hesabatından sonra seçkiləri müşahidə etmək barədə qərar verib: "Biz şadıq ki, Azərbaycandan müşahidə ilə bağlı dəvəti vaxtında almışıq".
Koryen Yonkerin sözlərinə görə, bu onlara seçkidən əvvəlki prosedurları da izləmək imkanı verir: "Müşahidə DTİHB metodologiyasına uyğun aparılacaq. ATƏT üzvü olan bütün ölkələr öhdəlik götürüb ki, seçkilərini ATƏT-in seçki öhdəliklərinə uyğun aparsın. Biz seçkilərə müdaxilə etməyəcəyik. DTİHB seçki polisi deyil, biz seçkilərin nəticəsi ilə maraqlanmırıq. Bizim üçün əsas məsələ məqsədimiz seçki prosesinin şəffaf olmasıdır.
Seçki müşahidə missiyası 10 komanda ilə ölkənin bütün regionlarını əhatə edəcək. İlkin olaraq aralıq hesabat yayacağıq. Yekun hesabat isə seçki prosesi bitdikdən 8 həftə sonra açıqlanacaq".