
Hər bir xalqın tarixində onun milli kimliyini, dövlətçilik ənənələrini və azadlıq ideallarını təcəssüm etdirən müqəddəs rəmzlər mövcuddur. Azərbaycan xalqı üçün belə rəmzlərin ən mühümlərindən biri üçrəngli Dövlət Bayrağımızdır. Mavi, qırmızı və yaşıl rənglərin üzərində aypara və səkkizguşəli ulduz təsvir olunan bayrağımız yalnız dövlət atributu deyil, həm də xalqımızın müstəqillik arzularının, milli birliyinin, tarixi yaddaşının və gələcəyə inamının ifadəsidir. 9 Noyabr – Dövlət Bayrağı Günü hər il ölkəmizdə böyük ehtiramla qeyd olunur. Bu əlamətdar gün Azərbaycan xalqının dövlətçilik tarixinə, milli istiqlal mübarizəsinə və müstəqilliyimizin qorunması istiqamətində göstərilən fədakarlıqlara nəzər salmaq üçün mühüm fürsətdir. Bayrağımıza münasibət, əslində, Vətənə, dövlətə və milli dəyərlərimizə münasibətin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilib. Həmin tarix Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə dövlət bayrağı kimi qəbul edildiyi günə təsadüf edir. Dövlət Bayrağı Gününün qeyri-iş günü olan bayramlar sırasına daxil edilməsi də bu rəmzin dövlət və cəmiyyət həyatındakı xüsusi yerini təsdiqləyir. Azərbaycan bayrağının tarixi XX əsrin əvvəllərində xalqımızın milli oyanış və istiqlal hərəkatının yüksəlişi ilə sıx bağlıdır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız Şərqdə ilk parlamentli demokratik respublikalardan birini qurdu. Bu tarixi hadisə Azərbaycanın dövlətçilik ənənələrinin yeni mərhələyə qədəm qoyması, milli iradənin siyasi müstəqillik formasında təzahürü idi. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributlarının müəyyənləşdirilməsi də müstəqil dövlət quruculuğunun mühüm istiqamətlərindən biri idi. 1918-ci il noyabrın 9-da hökumətin iclasında üçrəngli Dövlət Bayrağının qəbul edilməsi bu baxımdan tarixi əhəmiyyət daşıyır. Bayraq ilk dəfə Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binanın üzərində qaldırıldı. Beləliklə, xalqımızın milli istiqlal ideyası dövlət rəmzində öz ifadəsini tapdı. Üçrəngli bayrağın ideoloji əsasları görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin irəli sürdüyü “Türkləşmək, islamlaşmaq və müasirləşmək” prinsipləri ilə bağlıdır. Bu ideya milli kimliyimizin, mənəvi dəyərlərimizin və müasir inkişaf düşüncəsinin vahid məfkurə ətrafında birləşdirilməsini nəzərdə tuturdu. Bayrağımızın rəngləri həmin prinsipləri və xalqımızın tarixi inkişaf yolunu özündə əks etdirir. Mavi rəng türk mənsubiyyətimizi və milli kimliyimizi, qırmızı rəng müasir inkişaf və tərəqqi ideyasını, yaşıl rəng isə İslam sivilizasiyasına bağlılığımızı ifadə edən ideoloji məna daşıyır. Bu üç prinsip bir-birini tamamlayaraq Azərbaycan xalqının milli-mənəvi dünyasının və dövlətçilik düşüncəsinin əsaslarını formalaşdırır. Bayrağımızın üzərindəki aypara və səkkizguşəli ulduz da bu tarixi rəmzin ayrılmaz elementləridir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 1920-ci ilin aprel ayınadək dövlət statusunu qoruyub saxladı. Cümhuriyyətin süqutu ilə dövlət müstəqilliyimizə son qoyulsa da, bayrağımız xalqın yaddaşından silinmədi. O, uzun illər ərzində milli istiqlal düşüncəsinin, azadlıq arzusunun və müstəqil dövlət qurmaq istəyinin rəmzi olaraq yaşadı.
Azərbaycanın dövlətçilik tarixində üçrəngli bayrağımızın yenidən rəsmiləşdirilməsi istiqamətində mühüm tarixi addım 1990-cı il noyabrın 17-də Naxçıvanda atıldı. Həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi. Bu qərar mövcud siyasi şəraitdə böyük tarixi və siyasi əhəmiyyət daşıyırdı. Sovet hakimiyyətinin hələ davam etdiyi bir dövrdə milli dövlətçilik rəmzimizin yenidən rəsmi səviyyədə qəbul edilməsi Azərbaycanın müstəqilliyinə aparan prosesə mühüm təsir göstərdi. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması milli dövlətçilik düşüncəsinin bərpası istiqamətində atılmış prinsipial addımlardan biri idi.
Ümummilli Lider Heydər Əliyev sonralar həmin hadisəni xatırlayarkən üçrəngli bayrağın Naxçıvan Ali Məclisinin sessiyasında qaldırılmasının əhəmiyyətini xüsusi vurğulamışdı. Bu təşəbbüs Azərbaycanın dövlətçilik tarixində yeni siyasi mərhələnin başlanmasına təkan verdi. Naxçıvan Ali Məclisinin qəbul etdiyi qərarlar əsasında Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın ölkənin rəsmi dövlət rəmzi kimi tanınması məsələsi qaldırıldı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağımızı yenidən Dövlət Bayrağı elan etdi. Həmin il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik irsinə, o cümlədən onun dövlət rəmzlərinə hüquqi varislik təsdiqləndi. Bu hadisələr göstərdi ki, dövlətçilik ənənələri yalnız müəyyən dövrün siyasi qərarları ilə məhdudlaşmır. Milli yaddaşda yaşayan ideallar, tarixi irsə bağlılıq və müstəqillik arzusu zaman keçdikcə yenidən siyasi və hüquqi reallığa çevrilə bilər. Üçrəngli bayrağımızın bərpası da bu tarixi davamlılığın parlaq nümunəsidir. Müstəqillik bərpa edildikdən sonra dövlət rəmzlərinin hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi. Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi Dövlət Bayrağının statusunu müəyyən edir. Bayrağın təsviri, rəngləri, ölçü nisbətləri, aypara və səkkizguşəli ulduzun yerləşməsi qanunvericiliklə dəqiq tənzimlənir. 2018-ci il noyabrın 2-də qəbul edilmiş Konstitusiya Qanunu da bu məsələlərin hüquqi əsaslarını müəyyənləşdirir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunun qəbul edilməsi dövlət rəmzindən istifadə ilə bağlı hüquqi normaları daha da təkmilləşdirdi. Konstitusiyanın 75-ci maddəsinə əsasən, hər bir vətəndaş dövlət rəmzlərinə – bayrağa, gerbə və himnə hörmət etməlidir. Bu tələb dövlətçilik şüurunun və vətəndaş məsuliyyətinin mühüm ifadəsidir.
Ümummilli Lider Heydər Əliyev dövlət rəmzlərinə münasibətin milli vətənpərvərlik tərbiyəsindəki roluna xüsusi diqqət yetirirdi. Onun fikrincə, bayraq yalnız rəsmi binalarda və dövlət müəssisələrində deyil, hər bir ailənin həyatında da özünəməxsus yer tutmalıdır. Ulu Öndər bayrağımızı Vətənə, millətə və dövlətə sədaqət və məhəbbətin rəmzi kimi qiymətləndirirdi. Prezident İlham Əliyev də Dövlət Bayrağının müstəqil Azərbaycan üçün daşıdığı mənanı dəfələrlə vurğulayıb. Dövlət başçısının “Bayrağımız bizim qürur mənbəyimizdir” fikri bu rəmzin xalqımızın mənəvi həyatındakı yerini ifadə edir. Bayrağımız beynəlxalq təşkilatların iqamətgahları qarşısında, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizdə, beynəlxalq tədbirlərdə və idman yarışlarında Azərbaycanın müstəqil dövlət kimi təmsil olunmasının əsas nişanəsidir. Bakıda Dövlət Bayrağı Meydanının yaradılması da bu siyasətin mühüm nəticələrindəndir. Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də imzaladığı Sərəncam əsasında yaradılan meydanın açılışı 2010-cu il sentyabrın 1-də keçirildi. Burada Dövlət Bayrağı Muzeyinin yaradılması isə xalqımızın dövlətçilik tarixinin, müxtəlif dövrlərdə mövcud olmuş dövlət və xanlıqların rəmzlərinin, tarixi sənədlərin və eksponatların nümayişinə imkan yaratdı. 2024-cü il noyabrın 8-də yenidən açılan Dövlət Bayrağı Meydanında Prezident İlham Əliyev Azərbaycan bayrağını ucaltdı. Təmir-bərpa işlərindən sonra muzey də yeni ekspozisiya ilə fəaliyyətini davam etdirdi. Burada nümayiş etdirilən “Zəfər qalereyası” Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbəni, işğaldan azad edilmiş ərazilərdə bayrağımızın ucaldılmasını əks etdirən materialları özündə birləşdirir. Bu gün üçrəngli bayrağımız Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və beynəlxalq aləmdə bərabərhüquqlu tərəfdaş kimi mövqeyini təcəssüm etdirir. O, həm də Azərbaycan Xalq Cümhuriyyətindən müasir müstəqil dövlətimizə uzanan tarixi yolun, milli idealların və dövlətçilik varisliyinin canlı rəmzidir. 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə bayrağımızın tarixini və mənasını bir daha xatırlamaq, onu qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur. Çünki üçrəngli bayrağımız keçmişimizin yadigarı olmaqla yanaşı, bu günümüzün qüruru və sabahımızın ümididir.
Şahin Seyidzadə
Milli Məclisin deputatı