Onkoloji xəstəliklərin müalicəsi və ambulator xəstələrin dərman təminatının icbari tibbi sığorta ilə qarşılanması təklif edilib Hadisə

Onkoloji xəstəliklərin müalicəsi və ambulator xəstələrin dərman təminatının icbari tibbi sığorta ilə qarşılanması təklif edilib

Onkoloji xəstəliklərin müalicəsinin də icbari tibbi sığorta ilə qarşılanması son dərəcə vacibdir.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, icbari tibbi sığorta sahəsində uğurlarla bərabər, əhalinin gözləntiləri də çoxdur: “Son iki ildə icbari tibbi sığorta sahəsində görülən ən əhəmiyyətli işlərdən biri səhiyyə üzrə dövlət proqramlarının icbari tibbi sığorta ilə qarşılanmasıdır. Bu proqramlar səhiyyənin kifayət qədər ağır sahələrini əhatə edir. Növbəti ildən səhiyyə üzrə çox az sayda dövlət proqramı qalacaq ki, onlar icbari tibbi sığorta ilə əhatə olunmasın. Onlardan biri onkologiya proqramıdır. Əhali arasında ən çox yayılan iki patologiyadan biri olan onkoloji xəstəliklərin müalicəsinin də icbari tibbi sığorta ilə qarşılanması son dərəcə vacibdir. Digər məsələ ambulator müalicə alan xəstələrin dərmanla təminatının icbari tibbi sığorta ilə qarşılanmasıdır. Bu barədə çox danışmışıq. Ancaq təəssüf ki, bu günə qədər əhalinin səbirsizliklə gözlədiyi bu problem həllini tapmayıb. Digər məsələ əhaliyə göstərilən ilkin tibbi xidmətin səviyyəsinin aşağı olmasıdır. Kəndlərdəki ilkin tibbi xidmət məntəqələrində kadr çatışmazlığı mövcuddur”.