15:03
441
Ötən gün Libraff mağazalar şəbəkəsinin Park Akademiya filialında şair-filosof Mikayıl Ruhandın “Qapı” kitabının təqdimat mərasimi keçirilib.
Ədəbiyyat və incəsənət nümayəndələrinin iştirak etdiyi tədbirdə şair-dramaturq İlqar Fəhmi görüşü açıq elan edib, kitabın ön sözünün müəllifi ədəbiyyatşünas-şair Dalğa Xatınoğlu, kitabın redaktoru şairə Mənsurə Qaçayqızı çıxışlarla davam edib. Görüşdə fəlsəfə doktoru Müşviq Ötkün, Əməkdar artist Nicat Kazımov, folklorçu alim İşıqlı Atalı və “Real” tv-nin aparıcısı tanınmış jurnalistı İlham Şaban çıxış edərək müəllifin yaradıcılığından, “Qapı” kitabının zəngin mahiyyətindən bəhs ediblər.
Daha sonra müəllifə söz verilib, imza saatı keçirilib və xatirə fotoları çəkilib.
Qeyd edək ki, müəllifin “Elm və təhsil” nəşriyyatında nəşr olunan “Qapı” axtarışların və sualların kitabıdır. Kitabda fəlsəfə, hikmət, varlıq, əxlaq və insanilik kimi vacib anlayışlara toxunulub, həmçinin Qərb filosoflarının və Şərq müdriklərinin həyata, insana, dünyaya münasibətlərinə baxışlar yer alıb. Kitabda müxtəlif fəlsəfi baxışların qarşılaşdırılması, onların ortaq və fərqli cəhətlərinin araşdırılması insanın həqiqət axtarışlarına yeni məna qazandırır.
“Qapı” kitabının ön sözünün müəllifi Dalğa Xatınoğlu, redaktoru Mənsurə Qaçayqızıdır.


