
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində müstəsna yeri olan, milli yaddaşımıza əbədi həkk edilən möhtəşəm Qələbənin təntənəsidir. Bu tarix xalqımızın illərlə qəlbində yaşatdığı azadlıq arzusunun gerçəkləşdiyi, tarixi ədalətin bərpa olunduğu, milli qürurumuzun və dövlətçilik iradəmizin bütün dünyaya nümayiş etdirildiyi gündür. Zəfər Günü, eyni zamanda, Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin, Ordumuzun qəhrəmanlığının və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin təcəssümüdür.
Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, otuz ilə yaxın müddətdə torpaqlarımızın işğal altında qalması Azərbaycan xalqının yaddaşında ağır və ağrılı bir dövr kimi qalıb:
“Bir milyona yaxın soydaşımız doğma yurdlarından didərgin salınmış, şəhər və kəndlərimiz dağıdılmış, tarixi-mədəni irsimizə qarşı vandalizm siyasəti həyata keçirilmişdi. Lakin Azərbaycan heç zaman işğalla barışmadı, öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsindən geri çəkilmədi. Həmin dövrdə beynəlxalq hüququn prinsipləri, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət məsələləri də ciddi sınaq qarşısında qalmışdı. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrlə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiqləmiş, işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılmasını tələb etmişdi. Bununla belə, həmin sənədlərin icrası üçün uzun illər ərzində təsirli beynəlxalq mexanizmlər işə salınmadı. Təəssüf ki, beynəlxalq münasibətlər sistemində ikili standartlar, selektiv yanaşmalar və beynəlxalq hüququn norma və prinsiplərinin ayrı-ayrı hallarda fərqli tətbiqi münaqişənin həllini uzatdı. Azərbaycanın səbirlə apardığı diplomatik mübarizə, beynəlxalq təşkilatların qərarlarına və hüquqi mexanizmlərə bəslədiyi ümidlər nəticəsiz qaldıqda ölkəmiz öz suveren hüquqlarını həyata keçirmək məcburiyyətində oldu. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini öz gücü hesabına reallaşdırdı. Başqa dövlətlərin ərazisinə iddia etmədən, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində hərəkət edərək öz torpaqlarını işğaldan azad etdi. Bununla Azərbaycan beynəlxalq hüququn yalnız kağız üzərində qalmamalı olduğunu, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinin real təminat tələb etdiyini bütün dünyaya nümayiş etdirdi”.
Deputat qeyd edib ki, bu tarixi nəticənin əldə olunması təsadüfi deyildi:
“Onun təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası və Prezident İlham Əliyevin ardıcıl, məqsədyönlü siyasəti dayanırdı. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi nəticəsində Azərbaycan güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, möhkəm beynəlxalq mövqeyə və müasir hərbi potensiala malik dövlətə çevrildi. Ordu quruculuğu, müdafiə sənayesinin inkişafı, müasir silah və texnologiyaların əldə edilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması Zəfərə aparan yolun mühüm istiqamətləri oldu”.
Parlamentari söyləyib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycanın illərlə formalaşdırdığı hərbi-siyasi potensialın və milli iradəsinin təntənəsinə çevrildi:
“44 gün davam edən müharibə zamanı Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq, yüksək peşəkarlıq və müasir hərb sənətinə uyğun döyüş bacarığı nümayiş etdirdi. Müharibənin ilk günlərindən etibarən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi siyasi qətiyyət və strateji uzaqgörənlik Qələbənin əsas şərtlərindən biri oldu. Dövlətimizin başçısı hərbi əməliyyatların ümumi strateji istiqamətini müəyyənləşdirməklə yanaşı, beynəlxalq informasiya məkanında da Azərbaycanın haqq səsini qətiyyətlə müdafiə etdi. Xarici media nümayəndələrinə verdiyi müsahibələr, prinsipial mövqeyi və tutarlı arqumentləri ilə Ermənistanın işğalçılıq siyasətini ifşa etdi, Azərbaycanın haqlı mübarizəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdırdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlar xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Hər gün yeni yaşayış məntəqələrinin azad edilməsi, üçrəngli bayrağımızın doğma torpaqlarımızda dalğalanması illərin həsrətinə son qoyurdu. Azərbaycan əsgəri yalnız ərazi uğrunda deyil, milli qürur, tarixi yaddaş, Vətənə bağlılıq və gələcək nəsillərin azad yaşamaq hüququ uğrunda mübarizə aparırdı. Bu möhtəşəm mübarizənin zirvəsi isə 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi oldu”.
S.Salmanova vurğulayıb ki, Şuşa əməliyyatı dünya hərb tarixinə düşəcək qəhrəmanlıq nümunəsidir:
“Mürəkkəb relyef, sıldırım qayalar, çətin hava şəraiti və güclü düşmən müdafiəsinə baxmayaraq, Azərbaycan xüsusi təyinatlıları misilsiz cəsarət və peşəkarlıq nümayiş etdirdilər. Onların dağlardan, qayalıqlardan keçərək şəhərə daxil olması, əlbəyaxa döyüşlərdə düşmənin müqavimətini qırması Azərbaycan əsgərinin iradəsinin və döyüş ruhunun hansı səviyyədə olduğunu göstərdi. Noyabrın 8-də Prezident İlham Əliyevin Şuşanın azad edilməsi xəbərini xalqa çatdırması Azərbaycanın müasir tarixinin ən unudulmaz anlarından birinə çevrildi. Həmin müraciət xalqımızın otuzillik həsrətinin sona çatmasının, milli qürurumuzun özünə qaytarılmasının müjdəsi idi. Şuşanın azad edilməsi ilə müharibənin taleyi həll olundu və Ermənistan kapitulyasiyanı qəbul etməyə məcbur qaldı. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı, Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə atılmadan Azərbaycana qaytarılması təmin edildi. Beləliklə, Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə tarixi Qələbəsini rəsmiləşdirdi. Bu Qələbənin arxasında xalqımızın böyük fədakarlığı, şəhidlərimizin müqəddəs qanı və qazilərimizin qəhrəmanlığı dayanır. Vətən uğrunda canından keçən igidlərimiz öz adlarını Azərbaycanın əbədi qəhrəmanlıq salnaməsinə yazdılar. Onların hər biri müstəqil dövlətimizin, azad torpaqlarımızın və milli qürurumuzun canlı tarixidir. Şəhidlərimizin xatirəsini yaşatmaq, ailələrinə ehtiram göstərmək, qazilərimizə diqqət və qayğını davam etdirmək dövlətimizin və cəmiyyətimizin mənəvi borcudur. Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə göstərilən diqqət və qayğıya verdiyi xüsusi önəm də dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindəndir. Bu həssas yanaşma, həyata keçirilən sosial və humanitar təşəbbüslər Vətən uğrunda fədakarlıq göstərmiş insanların dövlət və cəmiyyət üçün nə qədər dəyərli olduğunu nümayiş etdirir”.
O həmçinib deyib ki, Azərbaycan xalqı bu gün qalib xalq, Azərbaycan dövləti isə öz gücünə, iradəsinə və müstəqil siyasətinə arxalanan qalib dövlətdir:
“Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlərimiz yenidən qurulur, müasir yollar, tunellər, hava limanları, enerji və kommunikasiya infrastrukturu yaradılır, sosial obyektlər inşa edilir. Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz torpaqlarına qayıdışı təmin olunur. Xüsusilə Şuşanın dirçəlişi böyük rəmzi məna daşıyır. İşğal dövründə tarixi və mədəni siması dağıdılmaq istənilən şəhərimiz bu gün yenidən Azərbaycanın mədəniyyət paytaxtı kimi öz mövqeyini möhkəmləndirir. Burada keçirilən beynəlxalq tədbirlər, musiqi festivalları, mədəniyyət və diplomatiya platformaları Şuşanın yalnız keçmiş şöhrətinə qayıtmadığını, həm də Azərbaycanın gələcək inkişafında mühüm rol oynadığını göstərir”.
Deputat bildirib ki, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyi tam bərpa olundu:
“Bu hadisə Vətən müharibəsində başlanan tarixi prosesin məntiqi yekunu, dövlətimizin konstitusiya quruluşunun və suveren hüquqlarının tam təmin edilməsi idi. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə müasir dövlətçilik tarixinin ən mühüm mərhələsini tamamladı. Bu gün 8 Noyabr – Zəfər Günü bizə yalnız keçmişimizin qəhrəmanlığını xatırlatmır, həm də gələcəyimiz qarşısında məsuliyyətimizi müəyyənləşdirir. Zəfər salnaməsinin qorunması, onun həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, şəhidlərimizin əziz xatirəsinin yaşadılması hər birimizin borcudur. Zəfər Azərbaycan xalqının birliyinin, dövlətimizin qüdrətinin və milli iradəmizin sarsılmazlığının əbədi rəmzidir. Bu Qələbə sübut etdi ki, güclü dövlət, qətiyyətli lider və öz ordusuna güvənən xalq qarşısına qoyduğu ən çətin tarixi məqsədə nail ola bilər. Azərbaycan xalqı bundan sonra da öz Zəfərini qoruyacaq, müstəqilliyini və suverenliyini möhkəmləndirəcək, şəhidlərimizin qanı bahasına azad edilmiş torpaqlarda qurub-yaradacaq. 8 Noyabr tariximizə yalnız Qələbə günü kimi deyil, milli ləyaqətimizin, dövlətçilik əzmimizin və gələcəyə inamımızın təntənəsi kimi əbədi həkk olunub”.
Günel Elxan