El-Ninyo quraqlıq və şirin su qıtlığı yarada bilər Gündəm

El-Ninyo quraqlıq və şirin su qıtlığı yarada bilər

El-Ninyo iqlim hadisəsi dünyanın bir sıra regionlarında ciddi yağıntı defisitinə və su çatışmazlığına gətirib çıxara bilər. Cənub-Şərqi Asiya, Mərkəzi Amerika, Hindistan, Efiopiya və Cənubi Afrika quraqlıq təhlükəsi ilə üz-üzə qalacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiyanın "Təbiət və insanlar" təbiəti mühafizə fondunun iqlim məsələləri üzrə eksperti Aleksey Kokorin məlumat verib.

Ekspertin sözlərinə görə, El-Ninyonun əsas xüsusiyyəti hava temperaturunun yüksəlməsindən daha çox, yağıntıların paylanmasının dəyişməsidir. Materiklərdə yağışların həcmi azalır, Okean üzərində isə onların miqdarı artır. Bu, quraqlıqlara təkan verə və şirin su qıtlığı problemini kəskinləşdirə bilər.

Mərkəzi Asiyada isə bu hadisənin fəsadları əksinə ola bilər: qışda yağıntıların miqdarında cüzi artım gözlənilir.

El-Ninyo - Sakit okeanın ekvatorial hissəsində səth sularının temperaturunun anomaliya dərəcəsində yüksəldiyi iqlim hadisəsidir. Bu, atmosfer sirkulyasiyasına təsir edir, həmçinin dünyanın müxtəlif yerlərində temperatur rejimini və yağıntıların xarakterini dəyişir.

Məryəm Quliyeva