“Rusiya və Türkiyə də Suriyada hərbi əməliyyat keçirir” Siyasət

“Rusiya və Türkiyə də Suriyada hərbi əməliyyat keçirir”

Elxan Şahinoğlu: "Ancaq Rusiya ilə Türkiyə arasında iki önəmli fərq var"

"Rusiya və Türkiyə də Suriyada hərbi əməliyyat keçirir". Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, ancaq Rusiya ilə Türkiyə arasında iki önəmli fərq var: "Birincisi, Rusiya haranı gəldi bombardman etdi, terrorçularla yanaşı xeyli mülki və günahsız insan həlak oldu, Türkiyə ordusu isə mülki insanlar arasında itkiyə yol vermədən Afrini ələ keçirdi, elə məhz buna görə əməliyyat xeyli uzandı. İkinci fərq, Rusiya Hələbi bombardman edib terrorçulardan azad etdi, ancaq bu şəhərin yenidən qurulması üçün əlini ağdan qaraya vurmur, şəhər neçə müddət bundan öncə azad edilsə də, hələ də dağıntılar altındadır, Türkiyənin isə ələ keçirdiyi şəhərləri yenidən qurmaq və ora əhalini köçürmək üçün konkret planı var".
Rusiyada keçirilən prezident seçkilərindən də danışan Elxan Şahinoğlu deyib ki, Rusiyada gözlənilən baş verdi, Vladimir Putin böyük səs çoxluğu qazanaraq elə birinci mərhələdə prezident seçildi, Pavel Qrudinin də ikinci olacağı bəlli idi. Ən böyük sürprizi Kseniya Sobçak etdi, o Rusiya liberal demokratlarının tanınmış lideri və ölkənin hər yerində partiya şöbələri olan Qriqori Yavlinskini az da olsa qabaqlaya bildi. Fikrimcə, Sobçak bu tempdə davam etsə gələcəkdə liberalların ən tanınmış simasına çevrilə bilər. O gəncdir, tükənməz enerjisi var və sadə vətəndaşın problemlərini yerindəcə həll etməyə çalışır. Əlbəttə, bütün hallarda Rusiyada liberal ideya hələ uzun illər populyar olmayacaq, ancaq Sobçak liberalların lideri olmaq iddiasını gücləndirməyə çalışacaq. Pavel Qrudinin isə qazandığı ikincilik onu solçu-kommunist blokun gələcək liderinə çevirə bilər. Onsuz da yaşı 80-ə çatan Kommunist Partiyasının lideri Gennadi Züqanova əvəz lazımdır".