Zakir Həsənov Ankarada mühüm görüşlər keçirib Siyasət

Zakir Həsənov Ankarada mühüm görüşlər keçirib

Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 29-da Türkiyə Respublikasının Milli müdafiə naziri Nurəddin Canikli ilə görüşüb.
MN-dən verilən məlumata görə, əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə vurğulanıb ki, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq ikitərəfli əsasda və NATO tərəfindən həyata keçirilən proqramlar çərçivəsində aparılır. Qeyd olunub ki, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı daim inkişaf edir.
Görüşdə regional təhlükəsizlik, Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, birgə təlimlərin keçirilməsi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.
Qeyd edək ki,Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan da Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib.
"Yeni Şafak"ın verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Türkiyə müdafiə naziri Nurettin Canikli də iştirak edib.