“Münaqişələr dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında tənzimlənməlidir” Siyasət

“Münaqişələr dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında tənzimlənməlidir”

Mübariz Əhmədoğlu: "Azərbaycan hadisələrin digər inkişafına da hazırdır"

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bir neçə dəfə Azərbaycan və Ermənistandakı prezident seçkilərindən sonra danışıqların intensivləşəcəyini bildirdi. Azərbaycan tərəfinin belə mövqeyi həmişə Ermənistanda tənqidlə qarşılanıb". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, ölkə Prezidenti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri və Helsinki Yekun Aktının prinsiplərini əsas kimi təqdim etdi: "Az keçmiş ölkə Prezidenti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün hüquqi bazanın hazır olduğunu bildirdi və bu məsələdə əsas həlledici məqam kimi Aİ-nın Brüssel sammitində qəbul edilmiş yekun sənədi göstərdi. Bu sənədə görə Şərq Tərəfdaşlığı ölkələrindəki münaqişələr dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında tənzimlənməlidir. Bu vaxtadək Aİ Ukrayna, Moldova, və Gürcüstan ərazisindəki münaqişələri ərazi bütövlüyü prinsipi əsasında həllini, Dağlıq Qarabağ tənzimlənməsində isə ATƏT MQ-nun fəaliyyətinə dəstəyi əsas götürürdü. Amma indi Aİ bütün 4 münaqişənin 4-nə də vahid yanaşma nümayiş etdirir. Azərbaycan Prezidentinin də bu mövqeyi dərhal Ermənistan tərəfdən qınağa tuş gəldi. Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi mövqeyinə görə yalnız ATƏT MQ-nun sənədləri hüquqi baza rolunda çıxış edə bilər. Bununla da Ermənistan tərəfi Aİ-nın Brüssel sammitində qəbul edilmiş tezisləri inkar etdi.
Azərbaycanın mövqeyində kifayət qədər ciddi dəyişiklik var. Azərbaycanda başa düşürlər ki, münaqişənin praktiki tənzimlənməyə keçməsi üçün hökmən ilkin addımda müəyyən dəyişikliklər olmalıdır və Azərbaycan da bu fəlsəfəyə riayət edərək Helsinki Yekun Aktının 3 prinsipini də ayrıca element kimi hüquqi bazaya və yaxud tənzimlənmənin elementləri sırasına daxil etdi. Bütün ekspertlər bilirlər ki, Helsinki Yekun Aktının 3 prinsipi əsasən ermənilərin istinad etdiyi arqumental bazadır. İndi artıq Azərbaycan da həmin bazadan istifadə etməkdə elə də ciddi problem görmür.
Azərbaycanda seçkilər uğurla başa çatıb. Azərbaycan Respublikasının Prezidenti xalqın böyük dəstəyini əldə edib. Eyni zamanda bu İlham Əliyevin həm də Dağlıq Qarabağ tənzimlənməsinə hazır olduğunun göstəricisidir. Hər şey Ermənistandan asılıdır. Azərbaycan diplomatik, siyasi danışıqlar vasitəsilə mövqeyində dəyişiklik edib. Dinc tənzimlənmə ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün lazım olan yol xəritəsini imzalamağa və beləliklə də Dağlıq Qarabağ tənzimlənməsini virtual mərhələdən praktiki mərhələyə keçirməyə hazırdır.
Azərbaycan hadisələrin digər inkişafına da hazırdır. Azərbaycan ordusu daim qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyəti izləyib. Ermənilərin bütün təxribatlarının qarşısını alıb. Ermənilər Azərbaycan ordusunun adicə duruş vəziyyətinə görə iri təxribatlara əl ata bilməyiblər.
Başqa sözlə, əgər yaxın zamanlarda Ermənistan Dağlıq Qarabağ tənzimlənməsinin praktiki mərhələyə keçməsinə imkan verməyəcəksə, o zaman Ermənistan Azərbaycan ordusu ilə danışıqlar aparmalı olacaq".