Erməni deputata sillə kimi cavab Siyasət

Erməni deputata sillə kimi cavab

Qüdrət Həsənquliyev: "Nə qədər riyakar olmaq lazımdır ki, qonşunun torpağını işğal edib, sonra da sabitlik tələb edəsən"

"1999-cu ildə parlamentdəki ictimai edamdan sonra siz ermənilərdə Rusiya kəşfiyyatından heyvani qorxu var"

Bakıda keçirilən NATO Parlament Assambleyasının (PA) Bakıda keçirilən seminarında erməni deputatla azərbaycanlı deputat arasında qalmaqal yaşanıb.
APA-nın məlumatına görə, NATO PA-nın "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı "Rose-Roth" seminarının növbəti hissəsi Gürcüstanın NATO-ya üzvlük məsələsinin müzakirəsi olub.
Mövzu ilə bağlı müzakirələr zamanı Ermənistanın NATO PA-da nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan söz alaraq, Gürcüstanın NATO-ya üzvlüyünü dəstəklədiklərini bildirib və mövzudan kənara çıxaraq Azərbaycan tərəfinə replika atıb: "Biz burada sabitlikdən, tərəfdaşlıqdan danışırıq, amma Azərbaycan tərəfi bizi işğalçı adlandırır. Bu sabitliyə xidmət etmir. Biz sabitlik istəyirik, müharibə istəmirik".
Onun ardınca söz alan Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev Ermənistan nümayəndə heyətinin rəhbərindən riyakarlığa son qoymağı tələb edib: "Nə qədər riyakar olmaq lazımdır ki, qonşunun torpağını işğal edib, sonra da sabitlik tələb edəsən. Hansı sabitlikdən danışırsınız ki, 20 ildən çoxdur Azərbaycanın torpaqlarını işğal etmisiniz və hələ də bunu davam etdirirsiniz. Bu, sabitliyə xidmət edir? Mən yenə təkrar edirəm ki, Ermənistanın siyasi iradəsi yoxdur. 1999-cu ildə parlamentdəki ictimai edamdan sonra siz ermənilərdə Rusiya kəşfiyyatından heyvani qorxu var".
Q.Həsənquliyev NATO PA rəsmilərinə də irad tutub: "Mən Azərbaycanın avroməkana inteqrasiyasının qatı tərəfdarı olmuşam. Amma son vaxtlar fikrimdə dəyişikliklər var. Buna səbəb Qərbin Azərbaycana, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə qarşı susqunluğu, hərəkətsizliyi olub. Mən dövlətimə müraciət etmişəm ki, Azərbaycan artıq bu məsələdə Rusiya ilə danışıqlar aparıb dil tapmalıdır".
Q.Həsənquliyevin ardınca söz alan Ermənistan nümayəndə heyətinin üzvü Tevan Poqosyan bildirib: "Siz Ermənistanı heyvani qorxaq adlandırırsınız. Buna cavab olaraq deyim ki, Ermənistanın siyasi və iqtisadi cəhətdən bu zəifliyinə səbəb Azərbaycan tərədən blokadaya düşməsidir".
Daha sonra kobud formada çıxış etmək istəyən erməni deputata aparıcı tərəfindən imkan verilməyib. Ona mövzu üzrə danışmaq tövsiyə olunub.
Qeyd edək ki, bundan əvvəl adı çəkilən şəxslə seminarın aparıcısı arasında da mübahisə yaranıb. Ukraynadakı vəziyyət və Krım böhranı ilə bağlı müzakirələr gedərkən Nahapetyan yerindən müraciət edərək sualı olduğunu bildirib. O, söz aldıqdan sonra sual əvəzinə Azərbaycanı və iclasdakı azərbaycanlı deputatları ittiham etməyə başlayıb. K.Nahapetyanın iradının mövzusu Azərbaycan nümayəndə heyətinin Ermənistanı və onun prezidentini işğalçı və terrorçu adlandırması olub. Seminarın bu hissəsinə aparıcılıq edən NATO PA-nın Müdafiə və təhlükəsizlik komitəsinin baş məruzəçisi Yulio Miranda dərhal onun sözünü kəsərək erməni deputata sərt xəbərdarlıq edib: "Siz nə edirsiniz? Məqsədiniz nədir? Axı burada mövzu tamam başqadır. Ayıb deyil?! Qurtarın bu komediyanı. Siz sual vermək adı ilə bizi aldadıb öz bəyanatınızı vermək istəyirsiniz, biz buna imkan verməyəcəyik. Ona görə də sizə artıq söz vermirəm".
Bunu eşidən K. Nahapetyan əli ilə mikrofonu itələyərək narazılığını izhar edib.