NATO seminarında Qarabağ müzakirəsi Siyasət

NATO seminarında Qarabağ müzakirəsi

Qüdrət Həsənquliyev: "Yaxşı olardı ki, danışıqları Rusiya ilə aparaq, Ermənistanla yox"
Ziyafət Əsgərov: "İşğalçı və terrorçu dövlət olan Ermənistan NATO PA-nın sıralarından xaric olunmalıdır"
Amanda Paul: "Rusiya Cənubi Qafqazda parçala və hökmranlıq et siyasətini yürüdür, zənnimcə, Dağlıq Qarabağ da şahmatda peşka kimi istifadə edilir"

Srağagün Bakının "Four Seasons" otelində NATO Parlament Assambleyasının 86-cı "Rose-Roth" seminarı başlayıb. "Cənubi Qafqaz: çağırışlar və imkanlar" mövzusunda keçirilən seminara 28 üzv ölkənin, eyni zamanda tərəfdaş ölkələrin nümayəndələri qatılıb. Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla parlament rəhbərliyinin, deputatların da iştirak etdiyi seminarda regionda baş verən proseslər müzakirə olunur.
Ermənistan parlamentindən deputatlar Tevan Poqosyan, Koryun Naapetyan və politoloq Riçard Kirakosyan da seminar iştirakçıları arasındadır. Ermənilər tədbirdə bir neçə dəfə öz provakasion çıxışları ilə qalmaqal yaradıblar.
Seminarın ilk günü Milli Məclisin sədri Oqtay Əsədov çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunaraq xatırladıb ki, Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib, 1 milyon insan qaçqına və məcburi köçkünə çevrilib: "Uzun illərdən bəri Azərbaycan beynəlxalq birliyə çağırışlar edərək ədalətin bərpa olunmasını, beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin həyata keçirilməsini tələb edir".
Ermənistanlı deputat Koryun Nahapetyan isə Oqtay Əsədovun çıxışını "aqressiya" adlandırıb.
Deputat Azərbaycanın işğal olunmuş torpaqları məsələsinin üstündən keçərək daha çox Dağlıq Qarabağda yaşayan ermənilərin müqəddəratı məsələsini qabartmağa çalışıb.
Lakin Yeni Azərbaycan Partiyasından deputat Siyavuş Novruzov deyib ki, söhbət ermənilərin öz müqəddəratını həll etməyindən gedirsə, erməni xalqı artıq müqəddəratını həll edib və Ermənistan dövlətini yaradıb: "Dünyanın 30-dan çox ölkəsində ermənilər kompakt halda yaşayır. Belə çıxır ki, dünyada 30-dan çox erməni dövləti yaradılmalıdır?"
ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Müdafiə Araşdırmaları üzrə Beynəlxalq Mərkəzin direktoru Metyu Brayza isə deyib ki, "Dağlıq Qarabağ münaqişəsinin həllində hərb variantından istifadə ehtimallarının azaldılması istiqamətində işləri davam etdirmək lazımdır".
Ermənistan nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan Azərbaycan tərəfindən snayperləri təmas xəttindən geri çəkməyi tələb edib.
Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, Metyu Brayza artıq müstəqil ekspert olsa da, yenə özünü ABŞ Dövlət Departamentinin əməkdaşı kimi aparır və oranın mövqeyini ifadə edir, özünün yox: "Cənab Brayza, həyat yoldaşınız türk olduğuna görə ermənilər sizin Azərbaycanda bir ildən çox səfir olmağınıza imkan vermədi. Siz bunlardan ədalət gözləyirsiniz?!"
Qüdrət Həsənquluyev daha sonra üzünü Ermənistan nümayəndə heyətinə tutaraq deyib: "1990-cı illərin sonunda Azərbaycan və Ermənistan arasında münaqişənin həlli ilə bağlı razılıq əldə olunmuşdu. Amma Ermənistan parlamentində baş verən edam hər şeyi alt-üst etdi. Ermənistanın davranışı onu göstərir ki, ümumiyyətlə onunla danışıqlar masasında oturmağa lüzum yoxdur. Çünki Ermənistanda Rusiyadan dəhşətli qorxu var və bu qorxu ilə hərəkət edirlər. Yaxşı olardı ki, danışıqları Rusiya ilə aparaq, Ermənistanla yox. Qarabağ münaqişəsi başlayan andan siz Ermənistanda və Dağlıq Qarabağda bütün digər millətləri qırdınız və qovdunuz. Ermənistanı monoetnik ölkəyə çevirdiniz. Bu gün Ermənistanda yaşayan yeganə kənar millət ölkə ərazisində yerləşən 102-ci Rusiya hərbi bazasının hərbçiləridir. Bəs buna nə cavab verəcəksiniz?!"
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə laqeyd yanaşmasına görə beynəlxalq ictimaiyyəti sərt tənqid edib.
Xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, beynəlxalq ictimaiyyət tərəfindən Ukrayna hadisələri ilə bağlı böyük cəsarət nümayiş olundu: "Amma biz də 20 ildir eyni cəsarəti gözləyirdik. Təəssüf ki, Cənubi Qafqazla bağlı hələlik belə bir cəsarət ortaya qoyulmayıb".
Araz Əzimov Laçın dəhlizi ilə bağlı məsələyə də toxunub: "Adətən həmişə Dağlıq Qarabağla Ermənistan arasında yerüstü dəhlizin təmin edilməsinin vacibliyindən danışılır, lakin təəssüf ki, nədənsə heç kim Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında dəhlizin təmin olunması vacibliyindən danışmır".
Nazir müavini Suriya və Liviyadan ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarına köçürülməsindən də danışıb.
Seminar dünən işini davam etdirib.
Milli Məclisin 1-ci vitse-spikeri, Azərbaycanın NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov seminar zamanı həqiqətə uyğun olmayan məlumatlar səsləndirərək Azərbaycanı təxribata sürükləmək istəyən və Azərbaycanın hərbi büdcəsinin artmasından narahat olan Ermənistan nümayəndə heyətinə sərt cavab verib: "Ermənistan nümayəndə heyəti seminarda dünəndən bəri təxribatla məşğul olur. Azərbaycana sataşırlar. Sual adı altında Azərbaycanın əleyhinə danışırlar. Orduda islahatların aparılması çox önəmli bir məsələdir. Ümumi daxili məhsulumuz artırsa, hərbi büdcəmiz, təhsil, səhiyyə büdcəmiz də artır".
Ermənistanın işğalçı və terrorçu dövlət olduğunu əsas gətirən Z.Əsgərov bu ölkənin NATO PA sıralarından xaric olunmasını təklif edib: "Ermənistan işğalçı və terrorçu dövlətdir. NATO PA-dan çıxarılsın".
Ziyafət Əsgərov deyib ki, seminarda iştirak edən Ermənistan nümayəndə heyətinin üzvü, deputat Tevan Poqosyanın atası ilə bağlı azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətə görə Azərbaycan Hərbi Prokurorluğunda istintaq işi aparılır: "Sənin atan Qarabağda azərbaycanlılara qarşı qanlı cinayət törədənlərdən biridir. Mənim əlimin altında bununla bağlı ciddi sübutlar da var və hazırda Respublika Hərbi Prokurorluğunda bununla bağlı istintaq gedir. Tezliklə o qatil atan İnterpolun xətti ilə tapılıb gətirilərək cəzasını alacaq. Sən tezliklə bunu görəcəksən".
Tevan Paqosyan isə həyasızlıqla bildirib ki, öz atası və dövləti ilə fəxr edir.
Müdafiə Nazirliyinin Hərbi Strategiya və Planlaşdırma İdarəsinin rəisi polkovnik Elman Səmədov seminarda çıxışı zamanı qeyd edib ki, Azərbaycan təhlükəsizlik və müdafiə sisteminin NATO standartları əsasında təkmilləşdirilməsi işini davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, Azərbaycan münaqişəyə cəlb olunduğuna görə keçmiş sovet respublikaları arasında təhlükəsizlik və müdafiə sektorunda uzun yol qət edib: "Hazırda Azərbaycan region ölkələri arasında ən böyük hərbi büdcəyə malik ölkədir. Azərbaycan müdafiə və təhlükəsizlik sisteminin gücləndirilməsi, Silahlı Qüvvələrdə yeni standartların, əlavə potensialın yaradılması istiqamətində aparılan işləri və bu istiqamətdə strateji tərəfdaşları ilə əməkdaşlığı davam etdirmək niyyətindədir".
Seminarda çıxış edən siyasi təhlilçi Amanda Paul deyib ki, münaqişənin həlli regionda hər şeyi yoluna qoyacaq: "Gürcüstanın işğaldan sonra Rusiya əmin oldu ki, Qərb bununla bağlı heç nə etməyəcək. ABŞ o hadisələrə cavab versəydi, Krım hadisəsi yaşanmazdı. Təəsüf olsun ki, bəzi Avropa İttifqı ölkələri bundan imtina etdilər. Regional təhlükəsizliyə Rusiya 96 milyard xərcləməyi fikirləşir. 20 ilə yaxındır Rusiya qonşuları üçün qeyri-sabitlik törədir. Amma biz gözləyirik ki, Avropa və ABŞ Rusiyaya qarşı son sanksiyaları nə vaxt təmin edəcək. Bu gün Cənubi Qafqaz ölkələri həm öz siyasətlərini gücləndirmək və Rusiya təhlükəsiə qarşı mübarizə aparmaq məqsədləri var. Rusiya Cənubi Qafqazda parçala və hömranlıq et siyasətini yürüdür. Ermənistana gəldikdə Rusiya ilə çox gözəl əlaqələr var. Azərbaycan isə Krımdan sonra enerji təhlükəsizliyində Avropanın tərəfdaşlığına çevirilir. Zənnimcə, Dağlıq Qarabağ şahmatda peşka kimi istifadə edilir".
Avropa İttifaqının Şərq Tərəfdaşlığı və Rusiya məsələri üzrə tətqiqat proqramının direktoru Arkadi Moşez bildirib ki, dövlətlərin beynəlxalq təhlükəsizliyi mühüm rol oyanayır, lakin regionda beynəlxalq təhlükəsizlik boşluğu var: "Mən Cənubi Qafqaz üzrə yox, Krım üzrə mütəxəsisəm. Diqqətinizi bir məsələyə çəkmək istəyirəm ki, Krım böhranında Qərb müəyyən qədər günahı üzərinə götürməlidir. Rusiyanın Ukraynada rolu böyük idi. Amma, bu, Krımın ilhaqının qarşısını ala bimədi. Qərb nümayiş etdirdi ki, qonşusunu müdafiə etmək iqtidarında deyil. Əgər güclü təhlükəsizlik istəyirsinizsə, NATO-nun üzvü olmalısınız. Tərəfdaşlıq kifayət etmir".
Litvanın NATO PA-da nümayəndə heyətinin rəhbəri xanım Rasa Jukneviciene isə AB rəsmisinin çıxışı ilə razılaşmadığını söyləyib və ümidsizlik əvəzinə, Qərbi yeni addımlar atmağa çağırıb. O, mövcud sanksiyalarla kifayətlənməməyi, AB-nin daha ciddi tədbirlər görmək qabiliyyətində olduğunu vurğulayıb: "Əks halda, bu vəziyyət davam edərsə, regionda bizim də suverenliyimiz təhdid altında qalacaq. Biz Putinə "dur" demək yox, onu dayanmağa məcbur etməliyik. Bunun üçün hər şeyi nəzərdən keçirmək lazımdır".
Bolqarıstanın keçmiş müdafiə naziri Todar Taqayev isə deyib
ki, əsas məsələ Azərbaycanla Ermənistan arasında gedən münaqişə ilə bağlıdır: "Hər iki ölkə NATO-nun müdafiə sahəsində dəstəyini alıb. Lakin bu qurumun verdiyi məsləhətlər iki ölkənin təhlükədən müdafiə məsələsinə kifayət qədər təsir göstərməyib".
Milli Məclisin deputatı Zahid Oruc isə üzünü erməni parlamentirələrə tutaraq, onları 1990-ci illərin ritorikası ilə yaşamamağa çağırıb: "Bu bölgədə münaqişənin qalması Ermənistanın ziyanınadır. NATO-nun əsas vəzifəsi bizə məktəb tikmək deyil, bölgədə sabitliyi təmin etməsidir. Azərbaycan həm İranla, həm də Rusiya ilə qonşudur. Amma Azərbaycan nə İranın, nə də Rusiyanın forpostu deyil. Heç NATO-nun da forpostu deyilik. Amma bizim mövqeyimiz basqılara məruz qalır".
Zahid Oruc bütün baş verənlərdə Avropanın özünü, o cümlədən NATO-nu günahlandırıb: "Siz regionda baş verənlərlə əlaqədar, xüsusilə Rusiyaya qarşı bu narahatlığı indi yox, vaxtında göstərməliydiniz. Dağlıq Qarabağ məsələsində, Azərbaycanın ərazi bütövlüyünün pozulmasında vaxtında göstərdiyiniz hərəkətsizlik indi bu acizliyinizə, Rusiyanın bu boşluqdan məharətlə istifadə etməsinə gətirib çıxarıb".
Qüdrət Həsənquliyev isə bildirib ki, Qərb və ABŞ Gürcüstanda olduğu kimi, Azərbaycanla da eyni ssenarini oynamaq istəyir: "Abxaziyanı, Cənubi Osetiyanı Rusiyaya verib Gürcüstanı və gürcü xalqını Rusiya ilə əbədi düşmən elədilər. İndi Gürcüstanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq bu ölkə heç vaxt Rusiya meylli ola bilməyəcək. İndi də Rusiyanın əli ilə Qarabağı Ermənistana vermək istəyən Qərb və ABŞ Azərbaycanı bu vəziyyətə salmaq istəyir".
Millət vəkili Məlahət İbrahimqızı Qarabağ probleminin həllində yaranmış durğunluğa diqqət çəkib: "Hə vaxta qədər ki Qarabağ probleminin həllində tərəflər bərabər səviyyəli hesab olunacaq, o vaxta qədər də bu problemin həllində tıxac əmələ gələcək. Nə vaxt ki işğalçıya işğalçı adı veriləcək, o zaman qəbul olunmuş beynəlxalq hüquq çərçivəsində də problemə baxılacaq, onda əlbəttə, bu problemin həllində irəliləyiş olacaq.