“Ordumuzun xüsusi təyinatlıları zəngin döyüş təcrübəsinə malikdirlər” Siyasət

“Ordumuzun xüsusi təyinatlıları zəngin döyüş təcrübəsinə malikdirlər”

"Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları artıq ikinci dəfədir Türkiyədə keçirilən "EFES-2018" hərbi təliminə qatılırlar". Bunu "Azeri Defence" jurnalının baş redaktoru Rəşad Süleymanov deyib. Onun sözlərinə görə, Efes təlimi iki ildə bir dəfə İzmirdəki Doğanbəy poliqonunda keçirilir və dünyanın 20-dən çox ölkəsindən hərbçilər iştirak edirlər: "Həmin poliqon dəniz sahilində yerləşdiyindən həm dəniz, dənizdən quru sahəyə atışlar, desantın çıxarılması, həm də aviasiya və Quru Qoşunlarının iştirakı ilə genişmiqyaslı taktiki təlimlərin keçirilməsinə imkan verir. Efes eyni zamanda Türkiyə silahlı qüvvələrinin ən geniş miqyaslı təlimlərindən biridir. Əvvəlki təlimi ölkə rəhbərliyi də izləmişdir. Təlimlə yanaşı poliqonun izləyicilər üçün ayrılan sahəsində Türkiyənin müdafiə sənayesi şirkətlərinin sərgisi təşkil olunur və onların istehsal etdiyi silah, texnika, müxtəlif təyinatlı avadanlıqlar nümayiş etdirilir. Yəni təlimlə yanaşı xarici ölkələrdən olan yüksək rütbəli hərbçilər Türkiyənin müdafiə sənayesinin imkanları ilə də yerində tanış olmaq imkanı qazanırlar. Azərbaycan xüsusi təyinatlıları 2016-cı ildə təlim iştirakçıları arasında keçirilmiş İRONMAN müsabiqəsində birinci olmuşdular. Aprel ayının 27-də keçirilən pentatlon yarışında da 23 ölkənin xüsusi təyinatlılarl arasında birinci oldular. Bu da hərbçilərimizin yüksək hazırlıq səviyyəsini, nizam intizamını və Azərbaycan hərbçisinin potensialını dünya səviyyəsində nümayiş etdirir. "EFES-2018" təlimi çərçivəsində Azərbaycan hərbçiləri dünyanın müxtəlif ölkələrindən olan hərbçilərlə birlikdə müxtəlif əməliyyat tapşırıqlarını yerinə yetiriblər. Bura düşmən və ya terrorçu qrup tərəfindən ələ keçirilmiş obyektlərin təmizlənməsi, günün müxtəlif saatlarında kəşfiyyat və desantın çıxarılması əməliyyatları, su altı və suüstü xüsusi əməliyyatlar, paraşütlə sərbəst atlayışlar, snayper atışları, EOD əməliyyatları və s. daxildir". O əlavə edib ki, bu tip beynəlxalq təlimlər Azərbaycan Ordusunun döyüş qabiliyyətinin püxtələşməsi, beynəlxalq səviyyəli müştərək əməliyyatlarda uyralığın təmin olunması, beynəlxalq təcrübənin öyrənilməsi baxımından olduqca vacibdir: "Bu gün ordumuzun xüsusi təyinatlıları zəngin döyüş təcrübəsinə malikdirlər. 2016-cı ilin aprel döyüşlərində onların qısa zaman kəsiyində əldə etdikləri uğurlar bunu deməyə bəs edir. Elə ölkələr də var ki, onların hərbçiləri illərdir hərbi əməliyyatlarda iştirak etmirlər. Belə təlimlərdə iştirakla onlar Türkiyə, Azərbaycan və digər ölkələrin hərbçilərinin döyüş təcrübəsini öyrənirlər".